Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə uzunömürlülərin yaradıcılıq festivalı keçirildi

08 sentyabr 2014 | 15:00

Ölkəmizin uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2014-cü il sentyabrın 8-də “Relax” turizm-istirahət mərkəzində müstəqil Azərbaycanın tarixində ilk dəfə uzunömürlülərin yaradıcılıq festivalı keçirildi.
      Festivalda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Balakən və İsmayıllı rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənətinin ustaları, respublikanın mədəniyyət və incəsənət ustaları iştirak edirdi.
   Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatları İqbal Məmmədov, Hüseynbala Mirələmov və Hadı Rəcəbli əvvəlcə uzunömürlülərin foto-şəkillərindən ibarət sərgi ilə tanış oldular, festivalda iştirak edən 150 nəfərə yaxın uzunömürlü sakinlərlə görüşüb söhbət etdilər, onların problemləri ilə maraqlandılar.
     Bir sıra janrlar: mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə keçirilən festivalda uzunömürlülərə aid təşkil edilmiş foto, rəsm və kitab sərgilərinə baxış keçirildi.
      Uzunömürlülərin yaradıcılıq festivalı çərçivəsində Azərbaycan mətbəxinin təbliği məqsədi ilə Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Milli Kulinariya Mərkəzinin birgə təşkil etdikləri plov müsabiqəsi keçirildi. Müsabiqədə iştirakçı rayonların hər biri üç növ plov nümayiş etdirdi. Münsiflər heyətinin qərarı ilə müsabiqədə qalib gəlmiş iştirakçılara diplomlar, medallar və hədiyyələr təqdim edildi.
      Mərasimdə həmçinin  Lerik Rayon İcra Hakimiyyətinin başçısı  Rövşən Bağırova,  festivalın sponsorları olan “Relax” turizm-istirahət mərkəzinin, “Azərsun Holdinq” şirkətlər qrupunun, “Millenium” və “Sektor” şirkətlərinin nümayəndələrinə diplomlar verildi.
     Açıq konsert zalında davam etdirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Lerik rayonunun uzunömürlü insanların yaşadığı bölgələrdən biri kimi məşhur olmasını, burada respublikada yeganə olan "Uzunömürlülər" muzeyinin fəaliyyət göstərməsini, festivalın regionun turizm potensialının gücləndirilməsi istiqamətində böyük əhəmiyyətə malik olduğunu bildirdi və respublikamızda ilk dəfə olaraq belə bir tədbirin məhz Lerik rayonunda keçirilməsinə görə rayon ictimaiyyəti adından Prezident cənab İlham Əliyevə, Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə minnətdarlığını ifadə etdi.
    Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanda ilk dəfə keçirilən uzunömürlülərin yaradıcılıq festivalı iştirakçıların öz istedad və bacarıqlarını nümayiş etdirmək, uzunömürlülüyün sirlərinin təbliği, ən əsası isə yaşlı nəslə göstərilən qayğı və diqqətin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu festivalın hər il keçirilməsi və gələcəkdə beynəlxalq status verilməklə daha geniş keçirilməsi nəzərdə tutulmuşdur.
    Tədbirdə respublikanın mədəniyyət və incəsənət ustaları, festival iştirakçıları olan rayonların folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etdilər. Xalq artistləri Canəli Əkbərovun, Teymur Mustafayevin, Natəvan Şeyxovanın, Valeh Kərimovun, əməkdar artistlər Zakir Əliyevin, Səbuhi İbayevin, Azərbaycanın müxtəlif bölgələrindən – Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Balakən və İsmayıllı rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı insanların, o cümlədən uzunömürlülərdən ibarət Lerik rayonunun “Rəfti-Uzunömürlülər”, Astara rayonunun “Əvəsor”, Lənkəran rayonunun “Nənələr”, Masallı rayonunun “Halay” folklor kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən hərarətlə və alqışlarla qarşılandı.
       Festivalda Prezident İlham Əliyevin Lerik rayonuna səfəri çərçivəsində “Uzunömürlülər” muzeyinin açılış mərasimi ilə bağlı videoçarx, uzunömürlülər barədə lentə alınmış “Nəvəmin nəvəsinin nəvəsi” bədii filmi, “Səlnamə” studiyasında ekranlaşdırılmış “Əsrə sığmayan həyat” sənədli filmi nümayiş etdirildi.

Keçidlər