Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunun təhsil işçilərinin 2013/2014-cü tədris ilinin yekunlarına həsr olunmuş konfransı keçirildi

04 sentyabr 2014 | 15:00

2014-cü il sentyabrın 4-də Lerik rayonunun təhsil işçilərinin 2013/2014-cü tədris ilinin yekunlarına həsr olunmuş konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül-çiçək düzərək xatirəsinə ehtiramlarını bildirdilər.
    Rayon mədəniyyət evində davam etdirilən tədbirdə rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, ötən dərs ilində rayonun 108 ümumtəhsil müəssisəsində 7915 nəfər şagird təhsil almışdır. Onların təlim-tərbiyəsi ilə 1328 müəllim məşğul olmuşdur. Diqqətə çatdırıldı ki, cari ildə rayonun tam orta məktəblərini 472 nəfər bitirmişdir. Rayon üzrə məzunlardan bu il 151 nəfər ali məktəblərə qəbul olunmuşdur. Onlardan da 14 nəfər ali məktəblərə qəbul imtahanlarında 500-dən, o cümlədən 4 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Qeyd olundu ki, ötən dərs ilində rayon məktəbliləri müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla iştirak edərək bir sıra nailiyyətlər qazanmışdır.
     Hesabat məruzəsində həmçinin təhsil müəssisələrində yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs edildi, qarşıda duran vəzifələrə toxunuldu.
     Konfransda Züvüc kənd tam orta məktəbinin direktoru Sahil Ağayev, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva, Veri kənd tam orta məktəbinin direktoru Mirismayıl Vahabov, rayon icra hakimiyyəti başçısının Qosmalian kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oqtay Şıxəliyev, rayon icra hakimiyyəti başçısının Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Həmidov görülmüş işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşdülər, rayonun təhsil işçilərinə yeni dərs ilində daha yüksək nailiyyətlər arzuladılar.
      Lerik şəhər 3 saylı tam orta məktəbinin məzunu, cari ildə qəbul imtahanlarında 594 bal toplamış Aytəkin Həsənova çıxış edərək əldə etdiyi uğurlara görə müəllimlərinə təşəkkürünü bildirdi, bundan ali məktəbdə də yaxşı oxuyacağını, müəllimlərinin və rayonun adını daim ucaldacağını qeyd etdi.
     Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Əhliyyət Adıgözəlov konfransda çıxış edərək təhsil sahəsində aparılan islahatlardan söz açdı, məruzə və çıxışlarda səsləndirilən təkliflərə münasibətini bildirərək qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verdi.
Konfransda Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək rayonda təhsilalanlar və təhsilverənlər üçün yaradılmış şəraitdən söz açdı, rayonda yeni məktəb binalarının tikilərək müasir inventar və avadanlıqlarla təchiz olunduğunu bildirdi. Qeyd etdi ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında təhsilə göstərilən qayğı təhsil işçiləri tərəfindən daha həssaslıqla qiymətləndirilməli və onlara göstərilən etimad layiqincə doğruldulmalıdır.
     Konfransın qətnaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
Sonda tədrisdə fərqlənən bir qrup müəllimə fəxri fərman, ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrə qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər