Lerikdə Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun doğum günü münasibəti ilə anım mərasimi keçirildi
2014-cü il sentyabrın 2-də Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun doğum günü münasibəti ilə Lerik şəhərində anım mərasimi keçirildi. Tədbir iştirakçıları öncə Milli Qəhrəmanın abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər.
Əvvəlcə Valeh Əlizaid oğlu Müslümovun həyatı və döyüş yolu haqqında məlumat verilərək bildirildi ki, o, 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olmuşdur. 1983-cü ildə indiki Lerik şəhər 2 saylı tam orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıt şəhərində 17 nömrəli peşə məktəbinə daxil olmuşdur. Əmək fəaliyyətinə tikinti trestində başlamışdır. 1986–1988-ci illərdə ordu sıralarında xidmət etmişdir.
Valeh Müslümov 1991-ci ilin avqustunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlamışdır. O, Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində gedən döyüşlərdə iştirak etmişdir. Valeh Müslümov 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan ərazisidə gedən döyüşdə düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarını xilas edərək əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya aparmışdır. Bu zaman aldığı ağır yaradan qəhrəmancasına həlak olmuşdur. Onun bu igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də Valeh Müslümov olmuşdur.
Valeh Müslümovun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Təhsil aldığı orta məktəbə və Lerik şəhərinin küçələrindən birinə onun adı verilmiş, büstü ucaldılmışdır.
2012-ci ildə, Valeh Müslümovun şəhid olmasının 20-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin dəstəyi ilə onun adını daşıyan məktəbdə qəhrəmanın xatirə muzeyi yaradılmışdır.
Bu yaxınlarda əməkdar jurnalist, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədovun qələmə aldığı, Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun həyatı və döyüş yolundan bəhs edən “Onu Vətən çağırdı” kitabı işıq üzü görmüşdür.
Anım mərasimində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi mayor Elməddin Cəfərov, Lerik şəhər 2 saylı tam orta məktəbinin müəllimi Hacırza Quliyev, Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar jurnalist Həmzə Vəliməmmədov, Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bakı şəhəri Binəqədi rayon şöbəsinin sədri, Valeh Müslümovun döyüş dostu İlham Qayıbov Milli Qəhrəman Valeh Müslümov haqqında xatirələrini danışdılar, döyüş yoluna nəzər saldılar, onun həyatının bütün gənclər üçün nümunə olduğunu qeyd etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə dövlət başçısının tapşırığı ilə keçirilən belə tədbirlərin tarixi əhəmiyyət daşıdığını, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ döyüşlərində əlil olmuş şəxslərə yüksək qayğı göstərilir, onların sosial-məişət problemlərinin həllinə nail olmaq üçün kompleks tədbirlər həyata keçirilir. Hər il onlarla çoxmənzilli binalar, fərdi yaşayış evləri tikilib onların istifadəsinə verilir. Daha sonar natiq bildirdi ki, hər bir kəs Azərbaycanın Milli Qəhrəmanlarını tanımalı, onları təbliğ etməlidir. Azərbaycanın Milli Qəhrəmanları, o cümlədən Valeh Müslümov, ümumiyyətlə, torpaq uğrunda şəhid olmuş insanlar heç vaxt unudulmamalıdır. Onların doğum və torpaq, vətən uğrunda Şəhid olduqları tarix qeyd edilməli, onlar haqqında mətbuatda yazılar verilməli, kitablar dərc olunmalıdır. Rayon ağsaqqallar şurasının sədri, Əməkdar jurnalist Həmzə müəllimin Valeh Müslümov haqqında hazırladığı bu kitab rayonun bütün məktəblərində, kitabxanalarında mütləq olmalıdır.
Milli Qəhrəmanın atası Əlizaid Müslümov çıxış edərək, göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Daha sonra Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 saylı tam orta məktəbində yaradılmış xatirə muzeyinə baxış keçirildi, Əməkdar jurnalist, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədovun müəllifi olduğu, Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun həyatı və döyüş yolundan bəhs edən “Onu Vətən çağırdı” kitabının təqdimatı oldu.
Sonda şəhidin məzarı ziyarət olundu, məzarı üstünə tər qərənfillər düzüldü.