2014-cü ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi
İyulun 18-də Lerik rayonunda 2014-cü ilin birinci yarımilinin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev çıxış edərək iclasın gündəliyindəki məsələlər barədə məlumat verdi. İyulun 10-da Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının giriş və yekun nitqində respublikamızdakı iqtisadi və siyasi vəziyyətin dərindən təhlil olunduğunu, əldə edilmiş uğurların qiymətləndirdiyini, qarşıda duran vəzifələr və onların həlli yollarının dəqiq müəyyən edildiyini diqqətə çatdırdı.
Daha sonra 2014-cü ilin birinci yarısında rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə etdi. Bildirdi ki, respublikamızda aparılan uğurlu iqtisadi reformalar rayonumuzdan da yan keçməmişdir. Son illər rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır. Keçən 10 il ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan bir neçə fərman və sərəncam rayonumuzun uzun müddətli inkişafına yönələn tədbirlərin bir hissəsidir. Lənkəran iqtisadi rayonuna daxil olan rayonumuzla bağlı ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlarda nəzərdə tutulan 44 bənd üzrə tədbirlər əsasən uğurla icra edilmişdir.
I Dövlət Proqramının icrası ilə bağlı rayonumuzda 4754, II Dövlət Proqramının icrası ilə bağlı isə 4369, ümumilikdə isə 9123 yeni iş yeri yaradılmışdır ki, yaradılan iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin rayonumuza tarixi səfərləri rayonumuzun dinamik və stabil inkişafına təkan olmuşdur. Artıq bütün sahələrimizdə uğurlar müşahidə olunmaqdadır. Lerik şəhəri daxil olmaqla 38 yaşayış məntəqəsi qazlaşdırılmışdır. 2011-ci ildən başlayaraq 10-dan yuxarı kənddə qazlaşma işlərinə başlanılmışdır. Lakin maliyyə vəsaiti ayrılmadığından tikinti işləri 2013-cü ilin noyabrından dayandırılmışdır. Bu da rayonumuzda aparılan qazlaşma işlərinin günün tələbləri səviyyəsində olmadığının göstəricisidir. Respublikamızda aparılan qazlaşma işlərinin gedişini dəyərləndirən ölkə başçısı bildirmişdir ki, “Qazlaşdırma ilə bağlı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir. Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır.” Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi bu fikirlər onu deməyə əsas verir ki, rayon sakinlərimizi narahat edən ərazilərimizin qazlaşması qısa müddət ərzində sona çatacaq, bütün yaşayış məntəqələrimiz qazlaşadırılacaq, məişətimiz yeni mərhələyə qədəm qoyacaq, təbiətimiz qorunacaqdır.
Heydər Əliyev Fondunun vəsaiti hesabına 4 məktəb binası, dövlət vəsaiti hesabına 21 məktəb, 2 həkim məntəqəsi, Qarabağ əlilləri və şəhid ailələri üçün iki 16 mənzilli kommunal və 12 fərdi yaşayış evi, rayon sakinləri üçün 18 mənzilli yaşayış evi, rayon icra hakimiyyəti, qaz istismarı idarəsi, DSMF-nun rayon şöbəsi, ƏSMM, baytarlıq idarəsi, statistika idarəsi üçün inzibati idarə binaları, vergi ödəyicilərinə xidmət terminalı, 12 poçt və 6 ATS binası, 5 sahə baytarlıq məntəqəsi, Azercell ekspress ofisi inşa edilmişdir.
Rayon icra hakimiyyəti başçısı tərəfindən rayon icra hakimiyyəti aparatında və ərazilərdə rayon sakinləri ilə mütəmadi keçirilən səyyar görüş-qəbullar zamanı əhali tərəfindən ərazilərin inkişafı, sosial obyektlərin tikintisi və digər məsələlərin həlli ilə bağlı müraciətlər öyrənilir. Həlli mümkün olan məsələlər rayon icra hakimiyyətinin daxili imkanları hesabına həll edilir, digər problemlərlə bağlı isə yuxarı dövlət orqanları qarşısında məsələ qaldırılır.
Vətəndaşların müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyətinin daxili imkanları hesabına rayonumuzun 12 kəndində məktəb binaları, 3 kəndində uşaq bağçaları, 6 kəndində tibb məntəqələri, 4 kəndində ağsaqqallar evi, Dairə Seçki Komissiyası üçün inzibati idarə binası, Uzunömürlülər muzeyi inşa edilərək istifadəyə verilmişdir.
İş adamları tərəfindən Lerik şəhərində 2 şadlıq sarayı, Lənkəran-Lerik yolu boyunca və rayonumuzun digər ərazilərində 12 turizm istirahət əyləncə mərkəzi, onlarca ticarət və iaşə obyektləri, Piran kəndində kərpic, qum, çınqıl zavodu və broyler fabriki, Peştətük kəndində çörək zavodu, Lerik şəhərində iki çörək sexi, süfrə suları istehsal edən sexlər inşa edilmişdir.
Lerik şəhərinin yenidən qurulması, şəhərdə park və xiyabanların salınması rayonumuzun inkişafının bariz nümunəsidir. Şəhərin İ.Yaqubov, E.Qarayev küçəsində yeni istinad divarları, səkilər inşa edilmiş, işıqlandırma sistemi yenilənmiş, ərazidə yol genişləndirilmiş, yeni tikilmiş divarların ağlay daşlarla üzlənməsi üçün işlər sürətlə davam etdirilir. H.Aslanov küçəsindəki istinad divarları ağlay üzlük daşları ilə üzlənir, şəhərin işıqlanma sistemi yenidən qurulur, səkilərə tametlər döşənir, park və xiyabanlarda bəzək ağacları, gül kolları əkilir. Daxili imkanlar hesabına XV-XVI əsrə aid “Xəlifə Zəkəriyyə” türbəsinin ətrafı abadlaşdırılır, ərazi milli ornamentlərə uyğun olaraq hasara alınır. Rayon ərazisində digər abadlıq işləri həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə isə 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılmışdır. Sözün əsil mənasında ərazidə yaşayan əhali üçün inqilab sayıla biləcək yolun 20 km-i asfalt örtüyünün çəkilməsinə tam hazırlanmış, 13 km yol asfaltlaşdırılmışdır. Tikintidə işlər sürətlə davam etdirilir.
Rayon büdcəsinin vəsaiti hesabına şəhərin əsas küçələri, Noda, Piran, Günəşli, Cəngəmiran və Blaband kəndlərinin daxili yollarının 7 kilometri asfaltlaşdırılmışdır. Rayon icra hakimiyyətinin daxili imkanları və ayrı-ayrı iş adamlarının, kənd sakinlərinin köməyi ilə vaxtaşırı olaraq kəndara yollarında təmir-bərpa işləri aparılır. Livədirqə, Murya, Haftoni, Almu kəndlərində çayların üzərində körpülər inşa edilmişdir. Körpülərin tikintisinə 280 min manatdan yuxarı vəsait xərclənmişdir. Livədirqə, Murya və Almu kəndlərinə gedən körpülərin tikintisi Milli Məclisin deputatı, hörmətli İqbal Məmmədovun yaxından köməyi ilə həyata keçirilmişdir.
180 şagird yerlik Nücü, Pirasora, Vizəzəmin, Boykəndil kənd tam orta məktəblərinin tikintisində, Mastail kənd tam orta məktəbinin, Lerik şəhəri uşaq bağçasının əsaslı təmirində işlər sürətlə davam etdirilir. Lerik şəhərində Heydər Əliyev Fondunun təşəbbüsünə uyğun olaraq daxili imkanlar hesabına 100 yerlik uşaq bağçasının tikintisinə başlanılmışdır.
2014-cü ildə kənd təsərrüfatı məhsulları 2003-cü ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artaraq 38225,7 min manata, sənaye məhsulu 6,9 dəfə artaraq 712,3 min manata, rabitə xidmətinin həcmi 3,3 dəfə artaraq 417,3 min manata, sərnişin və yükdaşıma xidmətlərinin həcmi 2,7 dəfə artaraq 2703,5 min manata, göstərilən ticarət xidmətlərinin həcmi 3,7 dəfə artaraq 13455 min manata, pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətin ümumi həcmi 5,1 dəfə artaraq 68596,9 min manata, adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi 4,4 dəfə artaraq 860,7 manata, adambaşına düşən pullu xidmətlərin həcmi 6,1 dəfə artaraq 162,4 manata, tikinti quraşdırma işlərinin həcmi isə 196 dəfə artaraq 27746 min manata çatmışdır.
Daha sonra rayon İcra hakimiyyəti başçısının müavini, Saday Qurbanov, Lerik Rayon Maliyyə İdarəsinin rəisi Elman Abbasov, Lerik Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Malik Mirzəyev keçən altı ay ərzində görülmüş işlər barədə çıxış etdilər.
Şuranın iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olundu.
Sonda tədbir iştirakçıları adından ölkə Prezidentinə müraciət qəbul edildi.