Almu kəndinə gedən avtomobil yolunda yeni körpü inşa edilərək əhalinin istifadəsinə verildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Almu kəndinə gedən avtomobil yolunda, “Lənkəran” çayı üzərində yeni inşa edilmiş körpünün açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, təşkilat və müəssisələrin rəhbərləri və ərazidə yaşayan ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Əhalinin çoxsaylı müraciətlərinin nəzərə alınaraq dəmir-beton konstruksiyadan istifadə edilməklə “Lənkəran” çayının üzərində yeni inşa edilmiş körpünün uzunluğunun 24, eninin 6, hündürlüyünün isə 5 metr olduğunu bildirən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov kənd əhalisini təbrik etdi. Cənab Prezidentin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində Respublikamızda və rayonumuzda aparılan abadlıq-quruculuq işlərini diqqətə çatdırdı. Cənab prezidentin qayğı və diqqəti ilə əhalinin həyat şəraitinin gündən-günə yaxşılaşdığını, ucqar kəndlərə qaz xətlərinin çəkildiyini, Lerik-Qosmalian-Kəlvəz, Noda-Şingədulan-Xanagah avtomobil yollarının əsaslı tikintisini, yeni məktəblərin, uşaq bağçalarının və digər sosial obyektlərin istifadəyə verildiyini, qarşıdakı illərdə Dövlət Proqramına uyğun olaraq həyata keçiriləcək tədbirləri qeyd etdi.
Daha sonra Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov çıxış edərək kənd əhalisini təbrik etdilər, körpünün tikintisini cənab Prezidentin ucqar kəndlərdə yaşayan sadə zəhmətkeş əhaliyə olan qayğıkeş münasibətinin bariz nümunəsi olduğunu bildirdilər. Son illər həyata keçirilən geniş quruculuq-abadlıq işlərini, yeni iş yerlərinin yaradıldığını vurğuladılar.
Vizəzəmin kənd ərazi icra nümayəndəsi Elxan Aslanov, Almu kənd sakinləri Daməd Ağayev və Məmməd İbrahimov çıxış edərək bu tədbirlərin əhalinin sevincinə səbəb olduğunu bildirdilər, göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra körpü əhalinin istifadəsinə verilmişdir.