Böyük Vətən müharibəsi iştirakçısı, uzun illər dövlət qulluğunda çalışmış Ataxan Ağayevin 90 illik yubileyi qeyd edilmişdir
Mərasim iştirakçıları əvvəlcə mədəniyyət evində foyesində yubilyarın həyatını və ictimai fəaliyyətini əks etdirən fotostendlə tanış olmuşlar.
Lerik Rayon Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar jurnalisti Həmzə Vəliməmmədov yubilyarın həyatı və ictimai fəaliyyəti haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, Ataxan Höccət oğlu Ağayev 1924-cü ilin may ayında anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, İkinci Cahan müharibəsində iştirak etmişdir. Müharibədən sonra partiya işinə irəli çəkilmişdir. A.H.Ağayev ali partiya təhsili almış, uzun illər rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Sonralar o, rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, rayon icraiyyə komitəsinin katibi, rayon maliyyə şöbəsində məsləhətçi vəzifələrində işləmişdir. 2004-cü ildən dövlət qulluqçusu kimi təqaüdə çıxmışdır. A.H.Ağayev rayonun ictimai həyatında, rayonda keçirilən tədbirlərdə fəallıq göstərir. Dövlətimizə və dövlətçiliyimizə sadiq ziyalı, el ağsaqqalıdır.
Yubiley tədbirində əmək veteranı Məhəbbət İbadov, Rvarud kənd sakini Ağabəy Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin sədri Dilarə Fətullayeva, rayon veteranlar şurasının sədri Hidayət Bəşirov, şair-publisist Ağacəfər Həsənli, rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, Azərbaycan Ağsaqqallar Şurası Məclisinin üzvü İmran Əbilov və başqaları çıxış edərək əmək fəaliyyətinə pedaqoq kimi başlamış, Böyük Vətən müharibəsinin odlu-alovlu yollarından keçmiş, həyatının 64 ilini xalqa və Vətənə xidmət etmiş Ataxan Ağayevin həmişə saf əqidəsi ilə seçildiyini, bu gün də rayonun ictimai həyatında fəal iştirak etdiyini bildirmiş, onu həm də sadiq dost, elinə-obasına bağlı ağsaqqal kimi xarakterizə etmişlər.
Azərbaycan Ağsaqqallar Şurası Məclisinin üzvü İmran Əbilov Ataxan Ağayevin Azərbaycan Ağsaqqallar Şurasının fəxri fərmanı ilə təltif edildiyini bildirmiş və fəxri fərmanı yubilyara təqdim etmişdir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Böyük Vətən müharibəsi iştirakçısı, uzun illər dövlət qulluğunda çalışmış Ataxan Ağayevin 90 illik yubileyinin keçirilməsini Prezident cənab İlham Əliyevin müharibə veteranlarına, ağsaqqallara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırmışdır. O, Ataxan Ağayevin rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edildiyini bildirmiş və fəxri fərmanı yubilyara təqdim etmişdir. Yubilyara uzun ömür, cansağlığı arzulamışdır.
Tədbirdə şeirlər, musiqi nömrələri səsləndirilmiş, yubilyara ünvanlanmış təbrik teleqramları oxunmuşdur.
Sonda yubilyar çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.