Ümummilli liderin xatirəsi Lerik rayonunda da anıldı
Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin vəfatının 8-ci ildönümü Lerik rayon ictimaiyyətinin, ağsaqqalların, ziyalıların iştirakı ilə qeyd edildi. Əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və qiymətli eksponatlarla tanış olduqdan sonra dəyirmi masa ətrafında müasir Azərbaycan tarixinin əfsanəvi və əvəzolunmaz lideri haqqında geniş fikir mübadiləsi aparıldı. Öncə rayon icra hakimiyyəti başçısı cənab Rövşən Bağırov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 8 il ötür. Artıq 8 ildir ki, xalqımız 12 dekabrda o unudulmaz şəxsiyyəti dərin kədər və hüznlə yad edir. Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynayan ümummilli liderimiz Heydər Əliyev dövlətçilik tarixində, dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında mühüm rol oynadı və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazdı. Odur ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır. Natiq qeyd etdi ki, Ulu öndər Heydər Əliyev birinci dəfə də, ikinci dəfə də eyni şəraitdə - ictimai münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, hərc-mərclik yarandığı dövrlərdə ölkəyə rəhbərlik etməyə başlamışdır. 1993-cü ildə Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək həddinə çatmışdı. Zaman və hadisələr, həyatın özü tələb edirdi ki, kimsə öz xalqının dövlətə inamını qoruya, ölkəni fəlakətlərdən xilas edə bilsin. Məhz Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni inam verdi və Azərbaycanın dünya tarixində öz yerini müəyyənləşdirdi. Məhz Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, gələcəyə inam oyandı. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Onun uzaqgörən siyasəti ilə ölkə quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu.
Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın və cəmiyyət həyatının bütün sahələrində islahatlar dövrü başlandı.Uğurlu neft strategiyası, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, bu gün də yeni nəqliyyat dəhlizlərinin yaradılması, zəngin neft-qaz yataqlarının işə düşməsi ölkəmizin siyasi və iqtisadi önəmini artırır, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Ümummilli liderimiz Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Qürur hissi keçiririk ki, Azərbaycana ulu öndərimizin layiqli siyasi davamçısı – Prezident İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik lider rəhbərlik edir. Məhz Heydər Əliyev siyasi kursunun uğurlu davamanın nəticəsidir ki, bu gün Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini alaraq BMT-nin qeyri-daimi üzvü seçilmişdir.
Milyonların qəlbində yaşayan lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu hər bir azərbaycanlı üçün layiqli örnəkdir. Bu gün cismən bizimlə birlikdə olmasa da, onun ideyaları yaşayır və daim yaşayacaqdır.
Daha sonra rayon peşə məktəbini direktoru Hüseynbala Əliyev, ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, veteranlar Şurasının sədri Hidayət Bəşirov, YAP rayon təşkilatının sədri Elxan Qənbərov çıxış edərək ulu öndərin çağdaş Azərbaycan tarixində, dövlətçiliyin qurulması və inkişafındakı rolunu qeyd etdilər.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.
Tədbir ulu öndərin rayon mərkəzində ucaldılmış abidəsi önündən izdihamlı keçidlə davam etdirildi, abidənin qarşısına tər gül-çiçək dəstələri düzüldü.