1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Lerik şəhər uşaq bağçasında bayram tədbiri keçirilmişdir
Bayram tədbirində Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Hüseyn Hüseynov, aparatın baş məsləhətçisi Rafiq Əzizov, aparatın aparıcı məsləhətçisi Babaxan Rufullayev, rayon təhsil şöbəsinin əməkdaşı Qafur Xosiyev iştirak etmişlər.
Tədbirdə çıxış edənlər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaqlara göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışlar. Bildirilmişdir ki, ölkəmizdə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün müxtəlif proqram və layihələr həyata keçirilir. Rayon icra hakimiyyəti vaxtaşırı uşaqların problemləri ilə maraqlanır və bu sahədə uşaq bağçalarına hər cür köməklik göstərir. Ötən dövr ərzində rayon icra hakimiyyəti tərəfindən uşaq bağçalarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir sıra işlər görülmüşdür. Ötən il əsaslı təmirdən sonra açılışı keçirilmiş Lerik şəhər uşaq bağçasında da uşaqların təlim-tərbiyəsi, onların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılmışdır.
Bayram tədbiri musiqi sədaları altında davam etdirilmiş, uşaqların ifasında şeirlər səsləndirilmişdir.
Bağçada tərbiyə alan körpələrə rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir.