28 May – Respublika Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir
2014-cü il mayın 27-də Lerik Rayon İcra Hakimiyyətində 28 May – Respublika Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında məruzə etdi. Bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın qədim dövlətçilik ənənələri bərpa edilmiş, insan hüquqlarının və azadlıqlarının təminatına, irqi, milli, dini, sosial bərabərsizliklərin ləğvinə, demokratik dövlət quruculuğunun həyata keçirilməsinə əsaslı şərait yaradılmışdı. “İstiqlal Bəyannaməsi”nin elan edildiyi 28 May gününü xalqımız Respublika Günü kimi qeyd edir.
Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi mühüm tarixi hadisə idi. Bu, milli dövlətçiliyin dirçəlişi olmaqla, Azərbaycan xalqının geniş kütlələrinin öz istiqlaliyyəti və azadlığı uğrunda birləşməsinin əsasını qoydu. Azərbaycanın yerli əhalisi Cümhuriyyət hökumətini milli mənafeyi müdafiə edən yeganə qanuni hökumət sayırdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, İslam və Türk dünyasında ilk demokratik respublika idi. Bu dövrdə dövlət quruculuğu işi hüquqi əsaslarda aparılmış, hüquqi dövlətin əsas təsisatları formalaşmışdır.
Daha sonra natiq qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən ölkənin xarici siyasət sahəsindəki fəaliyyətinə xüsusi önəm vermiş, parlament və hökumət gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük işlər aparmışdır. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanınması mühüm tarixi əhəmiyyətli hadisə olmuşdur.
Lakin 1920-ci ilin əvvəllərində həm daxili, həm də beynəlxalq vəziyyətin nəzərəçarpacaq şəkildə pisləşməsi şəraitində aprelin 27-də Sovet Rusiyası tərəfindən işğalı edilməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdir.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Ancaq müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçdi. Müstəqillik 1991–1993-cü illərdə formal xarakter daşıyırdı. 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyət sabitləşdi. İctimai-siyasi asayiş təmin edildi, ölkədə inkişaf başladı. O illərdə başlanmış və bu gün uğurla davam etdirilən siyasi, iqtisadi və hüquqi islahatlar Azərbaycanda dövlətçiliyin əsaslarını möhkəmləndirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xüsusi diqqətə çatdıraraq qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş və sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.
İndi Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Dövlətimiz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Müstəqil daxili və xarici siyasət yeridən, nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan Respublikası artıq təkcə regionda deyil, dünya miqyasda söz sahibi olan dövlət kimi tanınır. 2011-ci ildə, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü ərəfəsində Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilməsi Azərbaycan dövlətinin beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirməsinin göstəricisidir.
Məruzə ətrafında Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva, rayon təhsil şöbəsinin əməkdaşı Qafur Xosiyev çıxış edərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının dövlətçilik tariximizdə müstəsna yer tutduğunu, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini gücləndirdiyini qeyd etdilər.