28 May Respublika Gününə həsr olunmuş yeniyetmələr arasında mini futbol yarışı keçirildi
21-22 may 2014-cü il tarixdə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbin idman meydançasında 28 May Respublika Gününə həsr olunmuş məktəblilər arasında mini-futbol yarışı keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd 28 May Respublika Gününün qeyd edilməsi, idmanın kütləviliyinin təmin olunması, futbol idman növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərdə futbola marağın artırılması olmuşdur. Yarışın açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov çıxış edərək ölkəmizdə idman sahəsində görulən işlərdən, ölkə rəhbəri cənab İlham Əliyevin idmana diqqət və qayğısından söz açmışdır.
Yarışda I yeri orta internat məktəbinin komandası tutmuşdur. II yeri şəhər 3 saylı tam orta məktəbin, III yeri isə Cəngəmiran kənd tam orta məktəbin komandaları tutmuşlar. Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları, kubokları və xatirə hədiyyələri təqdim edilmişdir.