İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz Lerik rayonuna səfər etmişdir
15 may 2014-cü il tarixdə İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz və həyat yoldaşı Şülamit Harpaz Lerik rayonunda səfərdə olmuşlar. Səfər zamanı onlar Lerik rayon tarix-diyarşünaslıq muzeyi və “Uzunömürlülər” muzeyinə baş çəkmiş, rayon mədəniyyət evində düzənlənmiş sərgi ilə, eləcə də rayon mərkəzi xəstəxanası, xəstəxananın uşaq şöbəsi və Zuvand ərazisinin təbiəti ilə tanış olmuşlar.
Səfər çərçivəsində səfirlə rayon icra hakimiyyətinin başçısı arasında görüş – qəbul keçirilmiş, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov İsrailin Azərbaycandakı səfiri cənab Rafael Harpaz və həyat yoldaşı Şülamit Harpazı rayon əhalisi adından salamlamış, rayonun sosial-iqtisadi, mədəni inkişafı haqqında qonaqlara məlumat verərək qeyd etmişdir ki, cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmizlə digər ölkələr arasında qardaşlıq münasibətləri günü-gündən güclənir. Hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanlar mövcuddur. Səfir R.Harpaz Azərbaycanda gedən sosial-iqtisadi inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını qeyd etdi və bu inkişaf prosesinin Lerik rayonuna da təsirsiz ötüşmədiyini bildirdi. Lerik rayonunun füsunkar təbiətinin onu valeh etdiyini xüsusilə qeyd etdi.
Daha sonra Qosmalian inzibati ərazi dairəsinə səfər edən qonaq Hiveri kənd sakini, Böyük Vətən Müharibəsi iştirakçısı, uzunömürlü Nəriman Abbasovla çay süfrəsi arxasında səmimi söhbətini davam etdirmişdir.
Qonaqlar “Relax” istirahət və turizm mərkəzində nahar etdikdən sonra rayonu tərk etmişdirlər.