Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib

17 iyun 2025 | 16:09

İyunun 17-də Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Maqsud Ağayev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyəti Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərara alınmışdır. Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi, mütəmadi olaraq səhiyyə işçilərinin əməyinin yüksək qiymətləndirilərək təltif edilməsi, onlara fəxri adların verilməsi dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunələridir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov peşə bayramı günü münasibətilə tibb işçilərini təbrik edərək bildirib ki, həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də Sovet hakimiyyəti illərində respublikada səhiyyə sisteminin inkişafı istiqamətində böyük işlər həyata keçirilmişdir. 1990-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də səhiyyə sahəsi üzrə digər normativ hüquqi aktlar qəbul edildi, səhiyyənin davamlı inkişafı üçün baza yaradıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əhalinin sağlamlığının qorunmasına, səhiyyə sahəsinin inkişafına da daim diqqət və qayğı göstərir. Ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yeni-yeni səhiyyə obyektləri inşa edilir, tibbi xidmətin səviyyəsi gündən-günə yaxşılaşır.

Bayram tədbirində həkimlərdən Etibar Həşimov və Zeynalabdin Ramazanov çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın yüksəldilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması yönündə böyük tədbirlərin həyata keçirildiyini vurğulayaraq rayonun səhiyyə sahəsinə, tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra səhiyyə sahəsində səmərəli əmək fəaliyyətinə və 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuş bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edilib.

Keçidlər