17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi
İyunun 17-də Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə ümumrayon tədbiri keçirildi. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Maqsud Ağayev peşə bayramı günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, ötən dövr ərzində respublikada səhiyyə sisteminin inkişafı istiqamətində böyük işlər həyata keçirilmiş, şərəfli peşə sahibləri olan tibb işçilərinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilmişdir. Ölkəmizin tibb işçiləri son 2 ildə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və koronavirus xəstələrinin müalicəsi üçün əvəzolunmaz əmək sərf etmişlər. Xüsusilə də 2020-ci ildə Vətən müharibəsində tibb işçiləri iki cəbhədə: həm ön cəbhədə aktiv döyüş əməliyyatlarında, yaralıların müalicə olunmasında, həm də arxa cəbhədə koronavirus xəstəliyinə qarşı mübarizədə böyük əzmlə çalışmışlar.
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyəti Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərara alınmışdır. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, daha sonra Sovet hakimiyyəti illərində respublikada səhiyyə sisteminin inkişafı istiqamətində böyük işlər həyata keçirilmişdir. 60-cı illərin sonu–70-ci illərin əvvəllərində, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanda, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük canlanma yaranmış, sıçrayışlı bir inkişaf dövrü başlamışdır. 90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Prezident Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini vermiş, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradılmışdır.
Əhalinin sağlamlığının mühafizəsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətində olmuş, bu sahə üzrə əhaliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq hüquqi aktlar qəbul edilmişdir. Bütün bunlar əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən silsilə tədbirlərin davamıdır. Rayonun bir sıra səhiyyə işçilərinin fəxri adlara layiq görülməsi, “Əməkdar həkim” fəxri adının verilməsi ölkə başçısı tərəfindən rayonunun səhiyyə sahəsində çalışan tibbi personala göstərilən diqqət və qayğının bariz nümunəsidir.
2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və həmin ilin fevral ayından Azərbaycanda da yayılan yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülmüşdür. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2021-ci ilin yanvar ayında ölkəmizdə əhalinin vaksinləşmə prosesi başlamışdır. Vaksinləşmənin mütəşəkkil qaydada həyata keçirilməsi prosesində tibb işçilərinin zəhməti əvəzolunmazdır. Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın və tibbi profilaktik işlərin aparılmasında fəal iştirak etmiş tibb işçilərinə diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir.
Tədbirdə Əməkdar həkimlər Sadiqə Rufullayeva, Vəlixan Bədəlov, Etibar Həşimov çıxış edərək ölkəmizdə səhiyyə sahəsinin inkişafı, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması yönündə irimiqyaslı tədbirlərin həyata keçirildiyini vurğuladılar, rayonun səhiyyə sahəsinə, tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra səhiyyə sahəsində səmərəli əmək fəaliyyətinə, yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın, tibbi profilaktik işlərin aparılmasında fəal iştirakına görə və 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuş bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edildi.