17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib
17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçı Əkbər Abbasov tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Əhalinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqlarının mühafizəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim diqqətində olduğunu, bu sahə üzrə əhaliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunlar qəbul edildiyini, bir sıra sərəncamlar və qərarlar verildiyini diqqətə çatdırıb.
“Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Maqsud Ağayev çıxış edərək tibb işçilərini bayramları münasibətilə təbrik edib, ötən dövr ərzində respublikada, o cümlədən rayonumuzda səhiyyə sahəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəltmişdir.
Sonra tədbirdə rayon mərkəzi xəstəxanasının şöbə müdiri, əməkdar həkim Vəlixan Bədəlov çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük tədbirlərin həyata keçirildiyini vurğulayıb, rayonun səhiyyə sahəsinə, tibbi işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib.
Daha sonra səhiyyə sahəsində səmərəli əmək fəaliyyətinə görə və 17 İyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuş bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edilib.