Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

9 May - Faşizm üzərində Qələbə Günü münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi

10 may 2014 | 15:00

1941–1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 69-cu ildönümü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə müharibə veteranları ilə görüş keçirildi.
    Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini, Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksini ziyarət etmiş, abidə önündə gül dəstələri düzmüşlər.
    Daha sonra müharibə iştirakçıları ilə görüş rayon icra hakimiyyətinin konfrans zalında çay süfrəsi arxasında davam etdirilmişdir.
     Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov çıxış edərək 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolundan, Azərbaycanlıların istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə məlumat verdi. Bu tarixi qələbənin əldə edilməsində leriklilərin də xidmətinin az olmadığını, 1941–1945-ci illərdə Lerik rayonundan 6500 nəfərin cəbhəyə yola salınmasını, onlardan 1584 nəfərin həlak olmasını, 3314 nəfərin müxtəlif dərəcədə yaralanmasını, 600 nəfərdən çox leriklinin orden və medallarla təltif edilməsini diqqətə çatdıran natiq vurğuladı ki, Böyük Vətən müharibəsi veteranlarının yolunu davam etdirən 130 nəfərdən çox lerikli gəncin Qarabağ döyüşlərində şəhid olduğunu, 5 nəfərin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarına daim diqqət və qayğı ilə yanaşmışdır. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
     Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bayram münasibəti ilə müharibə veteranlarını təbrik etdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi və rolu olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildirdi.
      Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Faşizm üzərində Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibəti ilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımların verildiyini bildirdi və Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırdı.
     Daha sonra müharibə veteranlarından Daşdəmir Paşayev, Salam Cabbarov və başqaları çıxış edərək bildirdilər ki, faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Xüsusən torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti bizi Böyük Qələbəyə – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə səsləyir. Veteranlar onlara göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları unutmadığına görə, hər bir problemləri ilə maraqlandığına görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıq ifadə etdilər.
      Sonda müharibə iştirakçılarına rayon icra hakimiyyəti tərəfindən maddi yardım verilmişdir.

Keçidlər