“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirildi
07 may 2014-cü il tarixdə Lerik rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxana Sisteminin direktoru Tərxan Feyziyev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi sonsuz qayğı və diqqətdən, mədəni irsimizin inkişafı istiqamətində gördüyü işlərdən danışdı. O, qeyd etdi ki, Azərbaycanda kitabxana quruculuğu işi Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, mərkəzi kitabxana sisteminin əməkdaşı Sevinc Babayeva “Heydər Əliyev və müasir gənclik” mövzularında məruzə ilə çıxış etdilər. “Uzunömürlülər” muzeyinin direktoru Dilarə Fətullayeva, rayon İncəsənət məktəbinin müəllimi Sultanağa Vəliyev və respublikanın Əməkdar jurnalisti İdris Şükürlü dahi Heydər Əliyev ideyalarının cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladılar.
Sonda “Heydər Əliyev: Azərbaycan mədəniyyətinin hamisi” filminə və Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlara baxış keçirildi.