YAP Lerik rayon təşkilatının Qadınlar Şurasının III Konfransı keçirildi
YAP Lerik rayon təşkilatının Qadınlar Şurasının III Konfransı keçirildi. Tədbirdə partiyanın rayon təşkilatının sədri Elxan Qəmbərov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon təşkilatı sədrinin müavini Cəlil Baxşıyev, rayon təşkilatının İdarə Heyətinin üzvləri, konfransa seçilmiş nümayəndələr iştirak edirdi.
Konfransı giriş sözü ilə YAP Lerik rayon təşkilatının sədri E.Qəmbərov açaraq konfrans nümayəndələrini bu əlamətdar gün münasibətilə təbrik etdi. Konfransın işinə uğurlar arzuladı. Sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Hesabat məruzəsi ilə rayon təşkilatının Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova çıxış etdi. Məruzədə qeyd olundu ki, XX əsr planetimizdə qadınların rolunun artması ilə yadda qalıb. Bu əsr Azərbaycan qadınlarının da ictimai-siyasi, mədəni həyata fəal surətdə qoşulması, onların müxtəlif sahələri təmsil edən görkəmli nümayəndələrinin beynəlxalq aləmdə tanınması ilə səciyyələnmişdir. 95 il əvvəl -1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropanın bugünkü inkişaf etmiş demokratik ölkələrinin bir çoxundan əvvəl ölkəmizdə qadınlara seçib-seçilmək hüququnun verilməsi Azərbaycan xalqının, onun qabaqcıl insanlarının demokratik dəyərləri, ümumən cəmiyyətdə qadının rolunun necə yüksək qiymətləndirilməsinin əyani nümunəsi idi. İstər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində ölkəmizin qadınları yaradılan imkanlardan xalqımızın mənafeyi naminə yetərincə istifadə etmişlər.
Bu gün müstəqil dövlətimizdə qadınların yeri və rolu lazımınca dəyərləndirilir. Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, xalqın etibar etdiyi millət vəkilidir. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.
Azərbaycan qadınları öz ağılları, bilikləri və istedadlarına görə dünya qadınları içərisində özünəməxsus, həm də çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”. Bu sözlər də ulu öndərə məxsusdur. O, Azərbaycan qadınının zəhmətini, fəaliyyətini yüksək qiymətləndirmiş, onlara böyük hörmət və ehtiramla yanaşmışdır. Məhz onun qətiyyəti nəticəsində 1993-cü ildən qadınların bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması reallaşdı, dövlət quruculuğu sahəsində onların fəal iştirakının bazası yaradıldı.
Bütün ölkədə olduğu kimi Lerikdə də qadınlar dövlətin yaratdığı imkanlardan yararlanırlar. YAP Qadınlar Şurasının Lerik rayon təşkilatı öz sıralarında 614 nəfəri birləşdirir. Bunların 314 nəfəri gənclərdir, 84 nəfər ali təhsilli, 318 nəfər orta ixtisas təhsilli, 212 nəfər orta təhsilli qadınlardırlar. YAP üzvü olan qadınların 34 nəfəri bələdiyyələrdə təmsil olunurlar. Rayonda rəhbər vəzifələrdə işləyən qadınlarımızın sayı 26 nəfərdir, 21 nəfər sahibkar qadınımız vardır. Səhiyyə sahəsində 70, pedaqoji sahədə 92 nəfər , mədəniyyət sahəsində 77, idarəetmədə 29 YAP üzvü olan qadın çalışır. Hesabat dövrü ərzində 1 nəfər qadın “Tərəqqi” medalına layiq görülmüşdür, rayon icra aparatına 3 nəfər qadın məsul vəzifəyə irəli çəkilmişdir, Ali məktəblərə qəbul olunan qızlarımızın sayı ilbəil artır. Ötən Konfransdan bu günə qədər YAP sıralarına qəbul olan qadınların sayı əvvəlki illərdən 123 nəfər çoxdur.
Hesabat məruzəsi ətrafında rayon təşkilatının Qadınlar Şurasının üzvü, rayon təhsil şöbəsinin metodisti Səlmiyə Paşayeva, rayon təşkilatının Gənclər Birliyinin üzvü, şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin müəlliməsi Elnurə Hadıyeva çıxış etdilər.
Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı. Konfrans iştirakçılarının yekdil rəyi ilə Arzu Vəliməmmədova yenidən YAP Lerik rayon təşkilatının Qadınlar Şurasının sədri, Gültəkin Şıxəliyeva sədr müavini seçildi.
Tədbirin sonunda partiyanın rayon təşkilatının sədri E. Qəmbərov yeni seçilən tərkibə uğurlar arzuladı.