Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Mistan kənd inzibati ərazi dairəsində Mistan, Rəzgov, Xəlifəkənd, Digovdərə, Pirzora, Digov və Halabın kənd sakinləri ilə səyyar görüş-qəbul keçirildi

25 aprel 2014 | 15:00

Rayon icra hakimiyyəti başçısının aidiyyəti idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Mistan kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi. Görüşdə Prezident Administrasiyasının məsul işçisi İsrafil Qurbanov iştirak edirdi.
Rayon icra hakimiyyəti başçısı çıxış edərək cənab Prezidentin tapşırığına əsasən rayon icra hakimiyyəti başçısının həftənin bir günü aparatın işçiləri, aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə vətəndaşlarla görüş-qəbul keçirdiyini, vətəndaşları narahat edən məsələləri yerində araşdırdığını,  problemlərin həlli yollarının birgə müzakirə edildiyini, səlahiyyətləri daxilində qaldırılan problemlərin yerindəcə həllinə nail olmaları haqqında məlumat verdi. Bildirdi ki, Respublikamız ənənəvi olaraq hər beş ildən bir Cənab Prezidentin Sərəncamı ilə təsdiq olunan “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları”nın uğurlu icrası nəticəsində ildən-ilə çiçəklənir. Bu inkişaf rayonumuzdan da yan keçməmişdir. Lerik şəhəri və kəndlərimizin siması əhəmiyyətli dərəcədə dəyişmişdir.
      Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı 22 tədbir daxil edilmişdir. 2018-ci ilin sonuna qədər bu problemlərin həllinə də nail olacağıq. Cənab Prezidentin diqqət və qayğısı rayonumuzda daim hiss olunur. Buna görə də o, son illərdə üç dəfə rayonumuzda olmuşdur. Birinci səfərində Lənkəran–Lerik yolunun, ikinci səfərində Lerik rayonunda qaz xəttinin, üçüncü səfərində bir sıra yeni sosial obyektlərinin açılış mərasimlərində  iştirak etmişdir. Cənab Prezidentin etdiyi səfərlər zamanı verdiyi tapşırıqlar bu illər ərzində uğurla icra edilmişdir. Ən ümdə məsələlərdən olan elektrik təsərrüfatındakı problemlər son tamamlanma işləri aparılan 17 meqavat gücündə modul tipli elektrik stansiyasının tikintisi ilə birdəfəlik həll olunacaqdır. Stansiya fəaliyyətə başladığı andan rayonu elektrik enerjisi ilə fasiləsiz təmin edəcəkdir. Kəndlərdə rayon icra hakimiyyətinin daxil imkanları hesabına elektrik dirəklərinin yenilənməsi istiqamətində vaxtaşırı tədbirlər həyata keçirilmişdir. Vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində təbii qazın çəkilişi uğurla davam etdirilir. Hazırda 40-a yaxın yaşayış məntəqəsinin sakinləri mavi qazdan istifadə edir. Eləcə də sizin yaşadığınız bu ucqar əraziyə də təbii qazın çəkilişi mümkün olmuşdur. Rayonumuzun inkişaf göstəricilərindən olan yollar böyük infrastruktur layihələri ilə genişlənir, müasir standartlara cavab verən görkəm alır. Cənab  Prezidentin tapşırığı ilə tikilmiş müasir standartlara cavab verən Lerik–Qosmalian–Kəlvəz yolu istifadəyə verilmiş, Noda-Şingədulan-Xanagah yolunda isə tikinti işləri aparılır. Vətəndaşlar bu yoldan da istifadəyə verildikdən sonra rahatlıqla hərəkət edə biləcəklər. Kəndara yolları isə biz öz daxili imkanlarımız hesabına təmir edirik. Bu yolların da əsaslı təmiri nəzərdə tutulmuşdur. Bütün bu görülmüş işlərlə yanaşı, yenə də çətinliyimiz, problemlərimiz mövcuddur. Bu məsələlər də tədricən öz həllini tapacaqdır. Dövlətimizin gücü və qüdrəti mənə bunları arxayınlıqla deməyə imkan verir.
    Daha sonra rayon icra hakimiyyəti başçısı kənd sakinlərini dinlədi. Vətəndaşlar tərəfindən ayı-ayrı məsələlərlə bağlı verilən təklif və qaldırılan problemlərin operativ həll edilməsi üçün aidiyyəti idarə rəhbərlərinə tapşırıq verdi.
      Sonra Prezident Administrasiyasının məsul işçisi İsrafil Qurbanov çıxış edərək cənab Prezidentin insan amilinə xüsusi önəm verdiyini, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, vətəndaş müraciətlərinə diqqət göstərilməsinə mütəmadi  tapşırıq və tövsiyələr, qəbul olunmuş qanunlar haqqında məlumat verdi. Rayon icra hakimiyyəti başçıları tərəfindən səyyar görüş-qəbullar da Prezidentin tapşırığı ilə təşkil edildiyini bildirdi, əsas məqsəd vətəndaşları narahat edən məsələlərin yerindəcə həll olunması məqsədini daşıdığını qeyd etdi.
     Mən bu görüşdə iştirakdan məmnun oldum. Görürəm çox səmimi  qəbul keçir. Vətəndaşlar sərbəst problemlərini deyir, təkliflərini söyləyirlər. Hər beş  ildən bir qəbul olunmuş Dövlət Proqramına məhz belə qəbul görüşlərdə qaldırılan problemlər salınır və həlli istiqamətində işlər görülür. Bu ucqar kəndlərə belə asfalt yolun çəkilməsi, mavi qazın verilməsi bəlkə də əvvəllər xəyal olub. Lakin görürsünüz ki, cənab Prezident tərəfindən bu real həyata keçirilib. İnşallah  dövlətimizin gücü artdıqca digər problemlər də aradan qaldırılacaqdır.
     Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov rayonumuza göstərdiyi  diqqətə görə rayon əhalisinin minnətdarlığını Azərbaycan Respublikası Prezidentinə çatdırılmasını xahiş etdi.

Keçidlər