Belçika Krallığının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri xanım Karen Petit Lerik rayonunda rəsmi səfərdə olmuşdur
Aprel ayının 22 də Belçika Krallığının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri xanım Karen Petit Lerik rayonuna səfər etmişdir. Qonaq Lerik rayonunda Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə yaxından tanış olmuşdur. Eyni zamanda uzunömürlülər diyarı olan Lerik rayonunda “Uzunömürlülər” və Tarix-diyarşünaslıq muzeylərində eksponatlarla tanış olan səfir Karen Petitə rayonun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verilmişdir.
Daha sonra xanım Karen Petit Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ilə görüşmüşdür. Tərəflər arasında keçirilmiş səmimi söhbət zamanı qeyd olunmuşdur ki, Belçikanın ölkəmizdəki səfirinin Lerik rayonuna ilk səfəri əlaqələrimizin daha da inkişafı baxımından əlamətdardır. Bu gün hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanlar mövcuddur. Səfir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını və bu inkişaf prosesinin Lerik rayonuna da təsirsiz ötüşmədiyini bildirdi. Lerik rayonunun füsunkar təbiətinin onu valeh etdiyini xüsusilə qeyd etdi.
Rayon icra hakimiyyəti başçısı səfir xanım Karen Petitə Lerik rayonunda görülmüş abadlıq-quruculuq işlərini özündə əks etdirən kitab və əl işlərindən ibarət hədiyyə təqdim etdi.