2014-cü ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş geniş Şura iclası keçirildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2014-cü ilin birinci rübündə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək iclasın gündəliyində duran məsələləri qeyd etdi, aprelin 13-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının giriş və yekun nitqində respublikamızdakı iqtisadi və siyasi vəziyyətin dərindən təhlil olunduğunu, əldə edilmiş uğurların qiymətləndirdiyini, qarşıda duran vəzifələr və onların həlli yollarının dəqiq müəyyən edildiyini diqqətə çatdırdı. Bildirdi ki, respublikamızda aparılan uğurlu iqtisadi islahatlar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Aparılan abadlıq-quruculuq işləri nəticəsində rayonumuz tanınmaz dərəcədə dəyişmiş və bu işlər bütün ərazilərdə böyük vüsət almış, iqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 26 km-lik Lerik-Qosmalian-Kəlvəz yolu tikilərək istifadəyə verilmiş, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılmış, tikinti işləri sürətlə davam etdirilir. 4 kənd məktəbində yeni məktəb binasında tikinti, bir kənd məktəbində əsaslı təmir işləri aparılır. Cənab Prezidentin tapşırığına əsasən tikintisi aparılan modul elektrik stansiyasında son tamamlama işləri aparılır, Lerik şəhər əhalisinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin qurulması, kəndlərin qazlaşdırılması işləri davam etdirilir. Bütün bunlar dövlət rəhbərinin rayonumuza göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Daha sonra natiq regionların sosial-iqtisadi inkişafını müəyyən edən üçüncü Dövlət Proqramı qəbul edildiyini, Dövlət Proqramında bütün məsələlərin öz əksini tapdığını, hər bir rayon üzrə konkret vəzifələrin, tapşırıqların olduğunu və bir çox sosial-iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacağını qeyd etdi.
2014-cü ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə etdi. əldə olunan uğurlar, aparılan tikinti-quruculuq işləri, yeni iş yerləri barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırıldı və qarşıda duran vəzifələr qeyd edildi.
Daha sonra rayon icra hakimiyyəti başçısının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin məktəblilərə öyrədilməsi istiqamətində Heydər Əliyev Mərkəzində keçirilən açıq tarix dərslərinin tədrisinin vəziyyəti barədə məlumat verdi.
Gündəlikdəki məsələlərlə bağlı mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, paylayıcı elektrik şəbəkəsinin rəisi İxtiyar İmanov, tarix müəllimi Qafur Xosiyev çıxış etdilər.
Sonda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə rayona göstərdiyi qayğı və diqqətə görə əhali adından minnətdarlığını bildirdi, qarşıya qoyulan vəzifələrin 2014-cü ildə də uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə etdi.
Şura iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul edildi.