15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Ağır atletika üzrə Azərbaycan birinciliyində uğur qazanmış rayon komandasının üzvləri ilə görüş keçirildi
15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Ağır atletika üzrə Azərbaycan birinciliyində uğur qazanmış Lerik rayon komandasının üzvləri ilə 16 may 2022-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətində görüş keçirildi.
Görüşdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev idmançıları təbrik edərək bu nailiyyətdə əməyi olan hər kəsə təşəkkürünü bildirərək idmançılarımıza yeni uğurlar arzuladı. Ölkəmizdə idmana olan dövlət qayğısını, bu sahədə uğurlu nəticələrin əldə olunmasını qeyd etdi və idmançılarımızın uğurlarının davamlı olacağına əminliyini vurğuladı. Azərbaycan birincilyində 150-yə yaxın gənc atletin iştirak etdiyi yarışda rayonumuzun 4 atletlə təmsil olunduğunu və komandamızın üzvü Orxan İmanovun 49 kq çəkidə respublika birinciliyində qızıl medalını qazandığını, digər 3 idmançının isə 4-cü yeri tutduğunu diqqətə çatdırdı. Natiq Lerikli idmançılar adından ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Milli Məclisin deputatı İqbal Məmmədov ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən söhbət açdı və qazanılmış uğurlar münasibəti ilə idmançıları təbrik etdi.
Çıxış edən atletlər Orxan İmanov, İsa Əliyev, Mirkamil Hüseynov, İsmayıl Həsənzadə və məşqçi Elvin Mirzəyev onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər və gələcək yarışlardan uğurla dönəcəklərindən əminliklərini ifadə etdilər.
Sonda idmançılara və məşqçi Elvin Mirzəyevə rayon icra hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələr təqdim olundu.