15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin və “Respublika” qəzetinin birgə təşkilatçılığı ilə 2024-cü il iyunun 12-də “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin zaman yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq, çətin ki, mümkün olardı. Bu qayıdış, ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımızın sürətli inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya elminə sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə əhatə olunan mədəniyyətimizin inkişafına, bir sözlə, müstəqil respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, yenilməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.
“Respublika” qəzetinin baş redaktoru, professor Hümbət Musayev çıxış edərək bildirib ki, milli ideya və ideologiyaya malik olan dövlət həmişə qüdrətli olur, ideya uğurun strategiyası kimi çıxış edir. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin əsasını qoyduğu ideologiyanın başlıca istiqaməti müstəqil, hüquqi, dünyəvi dövlət quruculuğu, konstitusiya quruluşunun, ölkənin ərazi bütövlüyünün bərpası olmuşdur. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların qarşısı alındı, Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəs sazişinin imzalanmasına nail olundu. Ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində həmin ideologiyanın əsas istiqaməti bu gün gerçəkliyə çevrilmiş, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatı nəticəsində xalqımızın 200 ildən bəri davam edən məşəqqətlərinə, iztirablarına son qoyulmuşdur.
Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “52 nömrəli Yol İstismarı” MMC-nin direktoru Elxan Əliyev, təqaüddə olan dövlət qulluqçusu Hüseynbala Əliyev, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq İsaqov, Lerik Sukanal Sahəsinin rəisi Asif İmanov, “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Maqsud Ağayev çıxış edərək bildiriblər ki, bəşəriyyət tarix boyu xalqların azad, firavan yaşayışı üçün bu cür böyük fədakarlıqlar nümayiş etdirmiş, gördükləri işlərlə bütöv bir dövrü əbədiləşdirən müdrik insanlara borcludur. Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Çıxış edən natiqlər Ümummilli Liderin müxtəlif sahələrdə həyata keçirdiyi islahatlardan söz açaraq bugünkü inkişafı, əldə olunan sosial-iqtisadi uğurları həmin tarixi günün bəhrələri kimi dəyərləndirən xalqımızın Prezident cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyinə, onun rəhbərliyi altında daha böyük nailiyyətlərin əldə ediləcəyinə əmin olduqlarını bildiriblər.