Gənclərin Milli Ordu sıralarına yolasalınma mərasimi keçirilmişdir
Aprelin 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin qarşısında böyük izdiham var idi.
Müharibə veteranları, ictimaiyyətin nümayəndələri, valideynlər, gənc çağırışçıların hərbi xidmətə yolasalınma mərasiminə toplaşmışdılar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi qarşısında keçirilən yığıncağı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin rəisi Elməddin Cəfərov açdı. Milli Ordu quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etdi, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuzun möhkəmləndirilməsi, zabit və əsgərlər üçün yaratdığı şərait barədə geniş məlumat verdi. Vətəni təcavüzkarlardan müdafiə edən əsgərlərimizin yenilməzliyindən mərdlik və şücaətindən, gənc əsgərlər qarşısında duran vəzifələrdən danışdı, onlara xidmət müddətində nizam-intizamlı olmağı, komandirlərin bütün əmr və tapşırıqlarını layiqincə icra etməyi tövsiyə etdi.
Müharibə veteranı Söhbət Fərziyev, Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Veteranlar Şurasının sədri Hidayət Bəşirov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Veysəl Məlikov, valideyn İntiqam Mirzəyev, ordu sıralarından yenicə tərxis olunmuş əsgər Qabil Sadıqov və başqaları çıxış edərək gənc əsgərlərə yaxşı yol, salamatlıq və Milli Ordu sıralarında ləyaqətlə xidmət etməyi arzuladılar.
Gənc çağırışçılar Azərbaycan Bayrağının altından keçərək vətənə sədaqətlə xidmət edəcəklərinə söz verdilər, Milli Ordu sıralarına fərəhlə yollandılar.