31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə ümumrayon anım tədbiri keçirildi
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ümumrayon anım tədbiri keçirilmişdir.
Öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 31 Mart Soyqırımı haqqında ətraflı məlumat verərək bildirdi ki, 96 il əvvəl - martın 30-dan aprelin 3-dək Bakı Sovet və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törədilmiş, 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş on minlərlə insan itkin düşmüşdür. Lakin uzun müddət bu hadisələr tarixi saxtakarlığa məruz qalmışdır.
1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “1948-1953-cü il illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli 656 nömrəli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların-soyqırımılarının rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova məruzə ilə çıxış etdi.
Sonra rayon texniki peşə məktəbinin direktoru Hüseynbala Əliyev, gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı keçirilən soyqırımı aktlarını diqqətə çatdırdılar. Bu tarixi faciələrin gələcək nəslə çatdırılması məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu qeyd etdilər.