8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edərək bildirdi ki, Azərbaycanın dövlətçilik tarixində həmişə müstəsna xidmətləri olan qadınlarımız olmuşdur. Bu gün də Azərbaycan qadını cəmiyyətimizin inkişafında, dövlətimizin möhkəmləndirilməsində, adət-ənənələrimizin qorunmasında, bir sözlə həm ictimai-siyasi, sosial-mədəni həyatda aparıcı rol oynayırlar. Qadınların dövlətin inkişafındakı roluna həmişə mühüm önəm verən ümummilli lideri Heydər Əliyev qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaratmışdır. Bugün də dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafında qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir. Cənab Prezidentin səyi ilə dövlət qadın siyasəti uğurla həyata keçirilir. Natiq ölkədə olduğu kimi rayonumuzda da bütün sahələrdə qazanılan uğurlarda qadınların əməyinin böyük olduğunu diqqətə çatdırdı.
Tədbirdə iştirak edən şəhər orta internat məktəbinin müəllimi Aynur Məmmədova, mərkəzi xəstəxananın həkimi Sadiqə Rufullayeva, rayon təhsil şöbəsinin əməkdaşı Səlmiyyə Paşayeva, Piran kənd tam orta məktəbinin müəllimi Afət Quliyeva çıxış edərək son illər cənab Prezidentin qayğı və diqqəti ilə rayonumuzda aparılan tikinti-quruculuq işləri, tikiləmn yeni məktəb binaları, səhiyyə müəssisələrinin, xüsusilə qaz xəttinin çəkilməsinə və qadınlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim edildi.