Qosmalian kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi
Rayonun aidiyyəti idarə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Qosmalian kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov son illər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə Respublikada və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş məlumat verdi. Bildirdi ki, son illər cənab Prezidentin tapşırığı ilə rayonumuzda da abadlıq, tikinti işləri sürətlə aparılır. Yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bütün bu işlər yalnız şəhərdə deyil, eləcə də ucqar kəndlər də davam etdirilir. Keçən il Qosmalian ərazisinə daxil olan kəndlərin qazlaşdırılması uğurla aparıldı, Dövlət Neft Şirkətinin rəhbərliyinin və Milli Məclisin deputatının iştirakı ilə açılış mərasimi keçirildi. Kələxan kəndində yeni məktəb binası və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə inşasına 2012-ci ildə başlanılmış Lerik-Qosmalian-Kəlvəz yolu yüksək səviyyədə tikilərək sizlərin istifadəsinə verilmişdir. Əvvəllər bir saata gedilən yola indi 25-30 dəqiqə vaxt sərf edilir. Bütün bunlar əhalinin rahat yaşaması üçün həyata keçirilir.
Daha sonra rayon icra hakimiyyəti başçısı kənd sakinlərini dinlədi. Tatonu kənd sakini Məhrəməli Cavadov, Elmira İbadova, Qosmalian kənd sakini Rəhman Vəliyev, Adilə Nəsirova, Lələhiran kənd sakini Məhrəməli Zeynalov, Xudaşükür Əliyev və başqaları ərazidə kəndlərin suvarma suyuna olan ehtiyacını ödəmək məqsədilə sututarların yaradılmasına, Qosmalian kəndində əvvəllər mövcud olmuş 35 minlik elektrik yarımstansiyasının bərpasına, uşaq bağçası üçün yeni binanın tikintisinə, əraziyə kənd təsərrüfatı texnikasının verilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənildi.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.