Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

YAP Lerik Rayon Təşkilatı gənclər birliyi tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü anıldı

26 fevral 2014 | 16:00

25 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində YAP Lerik rayon təşkilatı gənclər birliyinin üzvlərinin iştirakı ilə  Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edildi.
      Tədbiri giriş gözü ilə açan YAP Lerik rayon təşkilatı gənclər birliyinin sədri Zamiq Əhədov bildirdi ki, Azərbaycan Respublikası Milli Məclisi fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi indiyədək məlum deyil.
     Ermənilərin  Xocalı  şəhərini  hədəfə  almaqda  məqsədi  bir  tərəfdən  Qarabağın  dağlıq  hissəsində azərbaycanlılardan ibarət  olan  strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Erməni işğalından sonra bütün  maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
        YAP Gənclər Birliyi fevral ayının əvvəlindən başlayaraq «Xocalıya ədalət» şüarı ilə sosial şəbəkələrdə və e-mail aksiyalarına başlayıb. Bu aksiya çərçivəsində beynəlxalq təşkilatların, diplomatik korpusların, bir sıra ölkələrin nüfuzlu partiyalarının gənclər birliklərinin, tanınmış siyasətçilərin və parlamentarilərin elektron poçtlarına Xocalı həqiqətlərini əks etdirən məlumatlar göndərilir. Azərbaycan gəncliyi bu soyqırım aktını dünya ictimaiyyətinə çatdırılması üçün daim səylə çalışır. 
        Sonra Lerik Rayon İcra Hakimiyyətinin məsul işçisi, gənclər birliyinin üzvü Anar Rəhimovun Xocalı soyqırımı ilə bağlı geniş məruzəsi dinlənildi.
     YAP Lerik rayon təşkilatı gənclər birliyinin idarə heyətinin üzvü Ramin Ağayev,  Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov mövzu ətrafında çıxış edərək qeyd etdilər ki, Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Biz inanırıq ki, itirilmiş torpaqlarımız cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində azad ediləcək, xalqımızın başına gətirilən bu faciələr soyqırım aktı kimi bütün dünya ictimaiyyəti tərəfindən də qəbul ediləcəkdir.
       Çıxışlardan sonra “DOLU” filmi nümayiş etdirildi.

Keçidlər