Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Xocalı soyqırımının iyirmi ikinci ildönümü anıldı

25 fevral 2014 | 16:00

 Tədbir iştirakçıları öncə mədəniyyət evinin foyesində rayon məktəblilərinin Xocalı soyqırımına həsr etdiyi rəsm əsərlərindən ibarət sərgiyə baxdılar.
     Rayon mədəniyyət evində davam etdirilən anım mərasim iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
      Daha sonra çıxış edən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov bildirdi ki, ötən əsrin ən ağır faciəsi, qəddarlığı, amansızlığı ilə tarixə yazılan Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. Artıq 22 ildir ki, xalqımız Xocalı faciəsini hüznlə, kədərlə qeyd edir.
        XX əsrin sonlarına doğru Sovet imperiyasının dağılması, onun ərazisində yeni müstəqil dövlətlərin yaranması ilə Cənubi Qafqazın siyasi xəritəsində önəmli dəyişikliklər baş verdi. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan separatizm hadisələri kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü ilə nəticələndi.
       1991-ci il sentyabrın 2-də separatçı-terrorçu qüvvələr tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının elan edilməsi Azərbaycan dövləti üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Erməni separatçıları açıq hərbi əməliyyatlara başlayaraq, əlverişli strateji əhəmiyyətli məntəqələri ələ keçirdilər. 1991-ci ilin sonunda Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Müqavilənin bağlanması Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-aşkar silahlandırmaq imkanı verdi.
       1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun qəbul etmişdi. Könüllülük əsasında yaranan hərbi hissələrdə kifayət qədər nizam-intizam yox idi. Təcrübəli hərbçilər az idi. Hərbi hissələrin bəziləri müəyyən siyasi qüvvələrin maraqlarına tabe edilmişdi, onlara pozucu ünsürlər yol tapa bilmişdi. Döyüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümüdafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının qarşısını almaqda böyük çətinliklərlə üzləşirdilər. Belə bir şəraitdə erməni işğalçıları rusların köməyi ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə hücumu genişləndirdilər. 1992-ci ilin yanvarında Kərkicahan, fevral ayında Malıbəyli, Quşçular kəndlərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə almağa başladılar. Yeni yaradılmağa başlayan hərbi hissələrin Şuşanı mühasirədən çıxarmaq məqsədi ilə apardığı “Daşaltı” əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə düşmən hərbi hissələri Qaradağlı kəndini ələ keçirib, 150-yə yaxın müdafiəçini və kənd sakinini vəhşicəsinə qətlə yetirdilər.
     Daha sonra natiq qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi dəhşətli soyqırımı bu millətin dünyada ən qəddar, ən zalım olduğunu bir daha təsdiqlədi. Həmin gün ermənilər SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etdilər. Bir günün içərisində şəhər yerlə yeksan edildi, dinc əhali amansızcasına qətlə yetirildi. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
     Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Qətnamə və Bəyannamələrə tam ziddir. Lakin bütün bunlara, hətta ermənilərin özlərinin bu qanlı cinayəti, əsl soyqırımı törətmələri haqqında mətbuatda, kitablarda yazmaqlarına baxmayaraq beynəlxalq təşkilatlar uzun illərdir ki, ikili mövqe nümayiş etdirir.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi strategiya və 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyada reallaşdırılan “Xocalıya ədalət” beynəlxalq kompaniyası çərçivəsində Fondun təşkilatçılığı ilə dünyanın bütün qitələrində, ölkələrində keçirilən tədbirlərdə dünya ictimaiyyətinə bu faciə haqqında dolğun məlumatlar verilir, filmlər nümayiş etdirilir. Hər il fevral ayında, xüsusilə 26 fevralda dünyanın müxtəlif ölkələrinin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər təşkil edilir, konfranslar, seminarlar keçirilir, faciəni əks etdirən sərgilər, kitablar nəşr edilir. Azərbaycan Respublikası Prezidenti iştirak etdiyi bütün beynəlxalq tədbirlərin tribunalarından ərazilərimizin işğal edilməsi, xalqımızın başına gətirilən soyqırımı haqqında məlumat verir və bu istiqamətdə durmadan təbliğat işinin aparılmasını daim nəzarətdə saxlayır. Məhz bunun nəticəsidir ki, artıq son illərdə bir çox beynəlxalq təşkilatlar, Pakistan, Meksika, Çexiya, Kolumbiya, Rumuniya, Bosniya-Hersoqovinanın  parlamentləri, ABŞ-ın 14 ştatının qanunverici orqanları Xocalı faciəsi haqqında qətnamələr qəbul etmişdir. Xocalı faciəsinin soyqırım aktı kimi daha çox dünya dövləti tərəfindən tanınması üçün həm dövlət orqanları, həm də xaricdə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən işlər bu gün də davam edir.
      İnanırıq ki, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan və Azərbaycanı məhv olmaqdan, seperatizmdən xilas edən, sabitlik və inkişafın əsasını qoyan, ilk dəfə parlamentdə müzakirə edərək 20 yanvar və Xocalı faciələrinə hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli nümayəndəsi, onun məqsədyönlü, uzaqgörən daxili və xarici siyasi kursunun davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız işğal altında olan torpaqlarımızın  beynəlxalq normalara uyğun azad olunmasına nail olacaqdır. Bu istiqamətdə cənab İlham Əliyevin əzmkarlıqla  həyata keçirdiyi  siyasət öz bəhrəsini verəcək, günahkarlar tarix və qanun qarşısında cavab verəcək, Xocalıda şəhid olan günahsız insanların qanı yerdə qalmayacaqdır.
      Daha sonra Xocalı faciəsi haqqında və bu hadisənin dünya dövlətləri tərəfindən soyqırım aktı kimi qəbul olunması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev geniş məruzə etdi.
       Sonda Xocalı faciəsinə həsr olunmuş sənədli film və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər