YAP Lerik rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.
21 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində YAP fəalları, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirakı ilə Xocalı faciəsinin həsr olunmuş anım mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Elxan Qənbərov açdı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra natiq Xocalı qətliamı barədə məlumat verdi. Qeyd olundu ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Fevralın 25-dən 26-na keçən gecə erməni daşnakları tərəfindən 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olmuş, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüşdür. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-nin taleyi bu gün də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda 366-cı motoatıcı alayın ağır texnikası və hərbi qüvvələri və alayda xidmət edən 50-dən artıq erməni zabiti iştirak etmişdir. Bir gecədə 7 minlik əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edilmişdir.
Daha sonra natiq qeyd etdi ki, uzun illər bu faciələrə hüquqi-siyasi qiymət verilməmişdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həm 20 yanvar, həm də Xocalı faciəsi parlamentdə müzakirə olunmuş, günahkarların cəzalandırılması tələb edilmişdir. 22 il ötməsinə baxmayaraq bu gün də dövlət səviyyəsində faciənin soyqırım aktı kimi dünya dövlətləri tərəfindən tanınması üçün ciddi iş aparılır. Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kompaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində müxtəlif tədbirlər keçirilir, Xocalı faciəsini əks etdirən foto sərgilər və filmlər nümayiş etdirilir. Bu gün artıq bir çox beynəlxalq təşkilatların ali qurumları, Pakistan, Meksika , Kolumbiya, Rumıniya, Bosniya-Hersoqovina parlamentləri, ABŞ-ın 14 ştatının qanunvericilik orqanı Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul etmişdir. Dövlətimiz və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən bu istiqamətdə məqsədyönlü iş davam etdirilir.
Sonra YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədovun məruzəsi dinlənildi.
Daha sonra Respublikanın əməkdar müəllimi Gültəkin Şıxəliyeva, rayon Ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, tarix müəllimi Araz Qurbanov və digərləri çıxış edərək erməni qəsbkarlarının insanlığa sığmayan hərəkətlərindən, bu faciəyə dünya ictimaiyyətinin göz yumması qeyd etdilər. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə bu hadisəyə siyasi qiymət verdiyini bildirən çıxışçılar Xocalıda xalqımızın başına gətirilən faciənin əsl soyqırımı kimi dünya dövlətləri tərəfindən tanınması istiqamətində iş aparmağın hər birimizin vicdan borcu olduğunu bildirdilər.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirildi.