Lerik rayonunun ümumtəhsil məktəblərinin şagirdlərinə ümummilli lider Heydər Əliyev irsinin öyrədilməsi istiqamətində dərslər keçirilir.
Lerik Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblilərinin 11-ci sinif şagirdlərinə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin öyrədilməsi, gənclərinin Heydər Əliyev haqqında fikir və təfəkkürlərinin genişləndirilməsi, Heydər Əliyev siyasi irsinin gələcək nəsillərə aşılanması istiqamətində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslərinin keçirilməsinə fevral ayının 5-dən başlanılmış, may ayının 14-dək davam etdirilməsi nəzərdə tutulmuşdur.
Dərslər 5 nəfər tarix müəllimi tərəfindən tədris olunur və hər bir dərsdə 40 nəfər şagirdin iştirakı təmin edilməklə 90 dəqiqə davam edir. Dərslərdə bütün ömrünü xalqımızın xoşbəxt və azad yaşaması yolunda apardığı mübarizəyə həsr etmiş, və bu tarixi nailiyyəti qoruyaraq möhkəmləndirən Heydər Əliyevin Azərbaycançılıq ideologiyası, dövlətçilik fəlsəfəsi haqqında geniş məlumatlar dinlənilir. Dərin düşüncəyə malik dünya şöhrətli siyasətçinin tarixi xidmətləri nəticəsində ölkəmizin ağır siyasi, sosial-iqtisadi böhrandan xilas edilməsi barədə eləcə də, Ulu öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiya və beynəlxalq arenada Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söhbət açılır. Dahi insan, kamil bir siyasi məktəbin yaradıcısı, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi olmuş Heydər Əliyevin irsindən bu gün və gələcəkdə ölkəmizin iqtisadi-hüquqi kadr potensialının özəyini təşkil edən gənclərimizin bəhrələnməsindən ötrü mərkəzdə müvafiq şərait yaradılmışdır və burada ümummilli liderimizin fəaliyyətini əks etdirən foto guşələr, Ulu öndərə həsr edilmiş sənədli filmlər nümayiş olunur. Dinamik inkişaf yolunda olan, möhkəm təməl üzərində qurulmuş Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmağın Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas qayəsi olduğu vurğulanır.
Mərkəzin fəaliyyət proqramında bu formatda tədbirlərin keçirilməsi və yer almasında başlıca məqsəd yetişməkdə olan gənc nəsillərdə vətənpərvərlik hisslərinin daha da möhkəmləndirilməsi, sivil dünyagörüşün inkişaf etdirilməsi və ictimai əhəmiyyət kəsb edən prinsiplərin aşılanmasıdır.