Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.

14 fevral 2014 | 16:00

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqalların, gənclərin, ictimaiyyətin, qeyri hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
     Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, rayon mədəniyyət evinin foyesində rayonda aparılan tikinti-quruculuq işlərini əks etdirən foto və rayonda istehsal olunan kənd təsərrüfatı sərgisi ilə tanış oldular.
      Rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş “Lerik-2013: sosial-iqtisadi inkişafın yeni mərhələsində” adlı film nümayiş etdirildi.
     Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov 2013-cü ildə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair məruzə etdi. Bildirdi ki, 2013-cü il dövlətimizin bütün sahələrdə əldə etdiyi mühüm nailiyyətlərlə tarixə düşdü. Son 10 ildə dayanıqlı inkişafa nail olan Azərbaycan Respublikasının iqtisadi uğurları artıq bütün dünyada bir mənalı şəkildə qəbul edilir. İstər ictimai-siyasi, istər sosial-iqtisadi və eləcə də digər sahələrdə əldə edilən dinamika respublikamızın inkişafının davamlı olduğunu təsdiq edir.
     Yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin  2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı respublikamızdakı iqtisadi və siyasi vəziyyəti dərindən təhlil etdi, əldə edilmiş uğurlar qiymətləndirildi, qarşıda duran vəzifələr və onların həlli yolları dəqiq müəyyən olundu.
     Respublikamızda reallaşdırılan uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır.
     2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 16,8 faiz artaraq 38 milyon 225 min manata, sənaye məhsulu 2,9 faiz artaraq 712,3 min manata, nəqliyyat xidməti 2,9 faiz artaraq 2 milyon 703 min manata, pərakəndə əmtəə dövriyyəsi 3,8 faiz artaraq 68 milyon 596 min manata, pullu xidmət 15,3 faiz artaraq 12 milyon 939 min manata çatmışdır. Tikinti-quraşdırma işlərinin həcmi 6,8 dəfə artaraq 27 milyon 746 min manat olmuşdur.
      Rayonumuzun 2013-cü ilin yerli gəlir proqnozu 1 milyon 887 min manata qarşı 1 milyon 953 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün respublika büdcəsindən alınmış dotasiya proqnozu 14 milyon 872 min manata qarşı 14 milyon 700 min manat icra edilmişdir.
     2007-2013-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 926 min, o cümlədən 2013-cü ildə 100 min manatdan yuxarı subsidiya verilmişdir. 934 hektar payızlıq buğda əkininə görə 889 nəfər məhsul istehsalçısına 37 min 343 manat vəsaitin ödənilməsi ilə bağlı sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim olunmuşdur. Bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən göstərilən dəstəyə baxmayaraq taxıl əkin sahələri ilbəil azalır. Məhsuldar əkin sahələrinin olmasına baxmayaraq Nüvədi, Əliabad, Kirəvud, Molalan, Züvüç, Blaband ərazilərində hektarlarla torpaq sahələri əkilməmiş qalmışdır. Bu  sahənin inkişaf etməməsi bir tərəfdən kənd təsərrüfatı texnikalarının çatışmamasıdırsa, digər bir səbəb isə əhali arasında təbliğatın düzgün qurulmamasıdır. Ərazi icra nümayəndələri, bələdiyyələr və digər əlaqədar qurumlar əhali arasında təbliğatı gücləndirməli, ərazilərdə mövcud əkin sahələrinin əkilməsi və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində əməli işlərin görülməsinə nail olmalıdırlar.
      Lerik rayonunda “Aqroservis” xidmət məntəqəsinin yaradılmasına, maşın və texnikaların alınmasına baxmayaraq tələbat tam ödənilmir. Verilən maşın və texnikaların bahalığı, ödəniş müddətinin az olması texnikalardan səmərəli istifadəyə imkan vermir.
       Heyvandarlıq rayonumuzda ən inkişaf etmiş sahələrdəndir. İribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı keçən ilin müvafiq dövrünə nisbətən artmışdır. Süd, ət, yumurta, yun istehsalı da çoxalmışdır. Yeni cins mal qaranın yetişdirilməsi ilə əlaqədar bir sıra işlər həyata keçirilmiş, mal-qaranın cins tərkibinin dəyişdirilməsi sahəsində uğurlara nail olunmuşdur. Lakin süni mayalanma ilə əlaqədar tələb olunan toxumun rayonumuza vaxtında çatdırılmaması səbəbindən bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Məsələnin aktuallığını nəzərə alaraq rayon icra hakimiyyətinin dəstəyi ilə süni mayalanma işinin təşkili və təsərrüfatlarda cins mal-qaranın artırılmasından ötrü rayona 200-dən yuxarı toxum gətirilmiş və məsələ nəzarətdə saxlanılmışdır.
      Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün fermer təsərrüfatlarına uzunmüddətli, güzəştli kreditlərin verilməsi sahənin daha da dinamik inkişafına təkan olacaqdır.
   Piran kəndində broyler fabrikinin tikintisi sənayenin, kənd təsərrüfatının rayonumuzda inkişafının bariz nümunəsidir. Saatda 6 min ədəd toyuq, həftədə 132 min ədəd cücə istehsal etmək gücünə malik olan müəssisədə 6 ferma, 150 ton yem istehsal edən zavod və 5 min ton tutuma malik yem anbarı tikilmiş, daha 3 fermanın tikintisi üçün iş aparılır. Artıq “Lerik-broyler” nişanı ilə toyuq əti satışa çıxarılmışdır.
     İkinci Dövlət Proqramının icrasına uyğun olaraq rayonumuzda 4369, o cümlədən cari ildə 926, ümumilikdə isə 2004-2013-cü illər  ərzində 9123 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 40 faizdən çoxu daimi iş yerləridir.
Cənab Prezidentin tapşırığı, qayğı və diqqəti nəticəsində rayonun yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilmişdir. Hesabat ilində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, Milli Məclisin deputatının iştirakı ilə rayonun ən böyük ərazilərindən olan Çayrud, Monidigah, Qosmalian, Blaband və Nuravud ərazilərində açılış mərasimləri keçirilmiş, ümumilikdə 38, hesabat ilində isə 24 yaşayış məntəqəsinə mavi qazın verilməsi təmin edilmişdir. Hazırda daha 10 kəndin qazlaşdırılmasında iş davam etdirilir.
       Lerik şəhərində istinad divarları bərpa olunmuş, divarlar çay daşı ilə, ağlay plitələri ilə üzlənmiş, səkilərə ağlay və tamet plitəsi döşənmişdir. Lerik şəhərinin daxili yollarına asfalt örtüyü salınmış, şəhərdə göz oxşayan işıq dirəkləri quraşdırılmışdır.
      Cari ildə şəhərdə mövcud olan kommunal yaşayış binalarında təmir işləri aparılmış, 9 kommunal binanın dam örtükləri yenilənmiş, Lerikin simvolu kimi qəbul edilmiş abidənin tikintisi başa çatdırılmış, ətrafı abadlaşdırılmışdır. Şəhərdə hər cür avadanlıqlarla təchiz edilmiş 300 nəfərlik “Xeyir-Şər” evi sakinlərin istifadəsinə verilmişdir.
      Son 10 ildə rayonda fəaliyyət göstərən dövlət idarələrində iş şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tipli inzibati binalar tikilib istifadəyə verilmişdir. Hesabat ilində Milli Məclisin deputatının, rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 12 yeni məktəb binasının rayon statistika idarəsi üçün inzibati binasının, mərkəzi xəstəxananın uşaq xəstəlikləri şöbəsinin, 75 yerlik şəhər uşaq bağçasının açılış mərasimləri keçirilmişdir. DSMF-nun rayon şöbəsinin inzibati binası əsalı təmir edilmiş, Lerik şəhər uşaq bağçasının ikinci korpusunun təmirində son tamamlanma işləri aparılır. Eyni zamanda Nuravud kənd tam orta məktəbinin binası əsaslı  təmirdən sonra istifadəyə verilmişdir. Hazırda Mastayıl kənd tam orta məktəbinin əsaslı təmiri, 4 kənddə məktəb binalarının tikintisində işlər davam etdirilir.
       Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 26 km-lik Lerik-Qosmalian-Kəlvəz yolu tikilərək istifadəyə verilmiş, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılmışdır. Bütün bunlar isə dövlət rəhbərinin rayonumuza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
       2011-2013-cü illərdə Piran,  Noda, Vizəzəmin, Cəngəmiran, Günəşli və Qosmalian kəndlərinin daxili yollarına 6 km-dən çox asfalt döşənmiş, kəndara yollarında təmir işləri aparılmışdır.
    Daha sonra natiq qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafını müəyyən edən birinci və ikinci dövlət proqramları ilə bağlı həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda ölkəmizin bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Bu gün qürurla qeyd etməliyik ki, İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi son 10 ildə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çox şaxəli islahatlar həyata keçirməklə respublikamızın yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi kimi daxil olmuşdur.
     Məruzə ətrafında rayon statistika idarəsinin müdiri Ədail Məmmədov, prokuror  Bəhruz İbrahimov, Lerik şəhər uşaq bağçasının müdiri Lalə Əliyeva, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, rayon poçtamtının rəisi Baba Tağıyev çıxış edərək 2013-cü ildə rayonda ayrı-ayrı sahələrdə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Kəlvəz kənd sakini Elxan Nurullayev, Züvüç kənd sakini Qafur Xosiyev, Blaband kənd sakini Gülbaba Qardaşov və  Vizəzəmin kənd sakini Qələmirzə Əliyev çıxış edərək son illər prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə rayonda həyata keçirilən tikinti işlərinin əhali tərəfindən razılıqla qarşılandığını qeyd etdilər, rəy və təkliflərini bildirdilər.
     Sonra rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən və uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxsə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim edildi.
    Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər. Rayonda görülən işlər qeyd edildi, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verdilər.
     Sonda hesabat yığıncağının iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər