Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin 2013-cü ilin yekunları ilə bağlı hesabat dinlənildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Lerik şəhər icra nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi.
Hesabat məruzəsi ilə çıxış edən şəhər icra nümayəndəsi Atamalı Nəcəfov son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti, Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində əldə uğurları qeyd etdi, son 10 ildə əhalinin həyat səviyyəsinin yüksəldiyini, yeni iş yerlərinin açıldığını, dövlət büdcəsinin və əhalinin gəlirlərinin dəfələrlə yüksəldiyini, dövlətimizin valyuta ehtiyatlarının 50 milyard dollara çatdığını bildirdi. Ölkəmizin bu sürətli iqtisadi inkişafı fonunda Lerik rayonunda da bir çox işlərin görüldüyü qeyd edən natiq bildirdi ki, 2013-cü ildə Lerik şəhərində bir sıra abadlıq-quruculuq işləri aparılmışdır. Şəhərin küçə və meydanlarında tikinti işləri davam etdirilmiş, 420 m2 səki yenidən qurulmuş, tamet piltələr döşənmişdir. Şəhərin hər iki giriş hissəsində 3200 m2 yeni istinad divarı hörülmüş və milli ornamentlərlə zəngin olan dekorativ daşlarla üzlənmişdir. Şəhərin küçə və meydanlarında 35000 m2 çox asfalt işi görülmüş, 110 ədəd yeni işıq dirəyi quraşdırılmışdır. Rayon icra hakimiyyətinin təşəbbüsü və köməkliyi ilə şəhərdə “Xeyir-Şər evi” tikilmiş, 75 uşaq yerlik şəhər uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmişdir.
Daha sonra natiq xidmət təşkilatları tərəfindən əhaliyə göstərilən xidmət işinin vəziyyəti barədə məlumat verdi, yol verilmiş nöqsanları müəssisə rəhbərlərinin diqqətinə çatdırdı.
Məruzə ətrafında şəhər uşaq bağçasının müdiri Lalə Əliyeva, Su-Kanal idarəsinin rəisi Asif İmanov, 43 saylı yol istismar idarəsinin rəisi Elxan Əliyev, Yaşıllaşdırma idarəsinin rəisi Rasim Əliyev və şəhər sakini Ağaxan Babayev çıxış edərək rəy və təkliflərini bildirdilər.
Yığıncaqda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış etdi. Bildirdi ki, yola saldığımız 2013-cü il cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində həm xarici siyasətdə, həm də iqtisadiyyatda böyük uğurlar ili kimi tarixə qovuşdu. Son 10 ildə cənab İlham Əliyevin qayğı və diqqəti, rəhbərliyi sayəsində respublikada əldə olunan uğurları diqqətə çatdıran natiq qeyd etdi ki, bu illər ərzində Lerik rayonu da uğurlu inkişaf yolu keçmiş, kənd və qəsəbələrimiz öz simasını tamamilə dəyişmişdir. 2008-ci ildə cənab Prezidentin Sərəncamı ilə şəhər statusu almış Lerikdə görülmüş işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi. Yaradılan bu şəraitin, aparılan tikinti-quruculuq işlərinin vətəndaşlara xidmət məqsədi ilə edildiyini bildirdi və şəhərdə təmizlik işlərinin vaxtı-vaxtında aparılmadığını, mənzil-istismar sahəsinin, kommunal müəssisələri istehsalat birliyinin, yaşıllaşdırma idarəsinin və digər xidmət təşkilatlarının işinin günün tələbləri səviyyəsində olmadığını qeyd etdi.
Daha sonra rayon icra hakimiyyəti başçısı qarşıda duran vəzifələr və görüləcək işlər barədə məlumat verdi.