Qəhrəmanlar unudulmur.
6 dekabr 2013-cü il tarixində Böyük Vətən müharibəsi iştirakçısı, Brestdən Berlinədək döyüş yolu keçmiş, “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş lerikli qəhrəman Əli Nəcəf oğlu Hüseynovun anadan olmasının 95 illik yubileyi münasibətilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayon mədəniyyət evində yubiley tədbiri keçirilmişdir.
Tədbir rayon mədəniyyət evində Əli Nəcəf oğlu Hüseynovun da çəkildiyi “Əsgər getdi” filminin nümayiş edilməsilə başlanıldı və tədbir çərçivəsində rayonun gənc bədii qiraət ustalarının söylədiyi şerlər dinlənildi.
Daha sonra tədbirdə çıxış edən Böyük Vətən müharibəsi iştirakçısı Daşdəmir Paşayev Əli Hüseynovla bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov Əli Nəcəf oğlu Hüseynovun 95 illik yubileyinin rayon ictimaiyyətilə birgə qeyd olunmasının təqdirəlayiq bir hal olduğunu, yubiley ərəfəsində Lerik Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar jurnalist Həmzə Vəliməmmədovun tərtib etdiyi, Əli Hüseynovun keçdiyi şərəfli döyüş yoluna həsr edilmiş “Əsgər şöhrəti” kitabının çapdan çıxdığını qeyd etdi. Rayonda müharibə iştirakçılarına göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirdi.
Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov tədbirdə çıxış edərək ötən il ucqar dağ kəndində yenidən tikilib istifadəyə verilmiş Daster kənd ümumi orta məktəbinin qəhrəman döyüşçü Əli Hüseynovun adını daşımasından həmyerlilərinin iftixar duyduğunu, yubiley ərəfəsində Milli Məclisin deputatı İqbal Məmmədovun köməkliyi ilə Əli Hüseynovun qəbirüstü abidəsinin ucaldılmasından məmnun olduğunu ifadə etdi. Əli Nəcəfovun xatirəsinə göstərilən ehtiramı, onun əməyinə verilən yüksək qiymətin ölkə başçısı cənab İlham Əliyevin müharibə veteranlarına, rayonun ağsaqqallarına göstərdiyi diqqət və qayğısının bariz nümunələrindən biri olduğunu vurğuladı.
Rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirdə çıxış edərək qeyd etdi ki, Böyük Vətən müharibəsində leriklilər də böyük şücaət göstərmişdir. Dünyasını dəyişmiş müharibə veteranlarının xatirəsi hər il ehtiramla yad olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə veteranlarına həmişə diqqət və qayğı göstərir. Onlara və arxa cəbhədə fədakarlıq göstərmiş şəxslərə dövlət tərəfindən yardım edilir, təqaüdləri artırılır, mənzil-məişət şəraiti yaxşılaşdırılır. Onların övladları, nəvələri Qarabağ müharibəsinin qəhrəmanlarıdır və qələbə bayrağımız tezliklə Qarabağda yüksələcəkdir.
Sonda Əli Hüseynovun ailəsinin adından çıxış edən oğlu Rəfael Hüseynov atasının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkür etdi.