Lerik Rayon İcra Hakimiyyətinin başçısı 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə bir qrup Qarabağ müharibəsi əlili ilə görüşmüşdür
Dekabrın 3-də bir qrup Qarabağ müharibəsi əlili ilə görüşən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə təbriklərini çatdırdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə diqqət və qayğının göstərildiyini qeyd etdi. Hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin görüldüyünü qeyd edən natiq son illər bu sahədə rayonda da bir sıra işlərin həyata keçirildiyini bildirdi. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 mənzilli yaşayış binasının tikildiyini, bu kateqoriyadan olan vətəndaşlar üçün fərdi evlərin inşa olunduğunu və onlara minik maşınlarının verildiyini, cənab Prezidentin tapşırığına əsasən rayonumuzda əlillər üçün hər cür şəraitin yaradıldığını, problemlərinin həllinə daim diqqət göstərildiyini vurğulayan rayon icra hakimiyyətinin başçısı bütün bunların cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində həyata keçirildiyini qeyd etdi.
Qarabağ müharibəsi əlillərindən Cəlal Məmiyev, Arzuman Nəhmətov, Veysəl Məlikov çıxış edərək göstərilən qayğı və diqqətə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə hər il Beynəlxalq Əlillər Günündə onlarla görüşün keçirilməsini müsbət dəyərləndirdiklərini bildirdilər, əlillərin sosial problemlərinin həlli istiqamətində bir sıra təkliflər səsləndirdilər.
Sonda rayon icra hakimiyyəti başçısının adından Qarabağ müharibəsi əlillərinə maddi yardım verildi.