Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

21 noyabr 2013 | 16:00

Öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər çiçəklər düzdülər. Daha sonra rayon icra hakimiyyətinin akt zalında davam etdirilən yığıncağı giriş sözü ilə YAP Lerik rayon təşkilatının sədr müavini Cəlil Baxşıyev açaraq  partiya üzvlərini və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Ümummilli liderin əziz xatirəsi ehtiramla yad edildi.
    YAP –ın yaranması və 21 il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən məruzə ilə çıxış edən rayon təşkilatının sədr müavini bildirdi ki, 21 il zaman kəsiyi baxımından çox da uzun olan bir vaxt deyil. Artıq tarixə çevrilən bu illər hər birimizin gözləri qarşısında Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı dövrü kimi canlanmaqdadır. Məhz 21 il öncə 21 noyabr tarixindən YAP möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil oldu və Heydər Əliyevin ideyaları ətrafında birləşən qüvvələrin fəaliyyəti daha da mütəşəkkil xarakter aldı. Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatına Heydər Əliyev partiyası kimi daxil olması cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil idi.
  Bildiyimiz kimi ötən əsrin 90-cı ilinin əvvəllərində Sovet imperiyasının dağılması ilə xalqımız böyük çətinliklərlə üzləşdi, itkilər verərək dövlət müstəqilliyini bərpa etdi. Ancaq hakimiyyətə yiyələnmiş təsadüfü və bacarıqsız liderlərin səhvləri üzündən qısa müddətdə xalqımız dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Bu zaman yenicə qazanılan dövlət müstəqilliyinin qorunmasını təmin etmək, xalqı düşdüyü çətin vəziyyətdən qurtarmaq üçün bütün ümidlər böyük idarəçilik qabiliyyətinə və zəngin təcrübəyə malik olan Heydər Əliyevə yönəlmişdi. O vaxtkı iqtidar isə onu nəinki qəbul etmir, heç onun Bakıya dönməsinə razı olmurdu. Xalqın böyük əksəriyyətinin tələbi, istəyi və arzusu ilə 91 nəfər tanınmış ziyalı və alimin imzası ilə Heydər Əliyevə müraciət qəbul edildi.
    Ümummilli liderimiz, Müstəqil Azərbaycan Respublikasının banisi, YAP-ın yaradıcısı, ulu öndərimiz Heydər Əliyevi həmin müraciəti belə xarakterizə etmişdir. «Müstəqil Azərbaycan dövlətinin  gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması siyasi zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və  inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram”.
     Azərbaycanın taleyini düşünən bir qrup ziyalı bu həqiqəti və inamı ifadə edərək, 1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasını yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət  etdilər.  Müraciətdə deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq  kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək mexanizmə malik bir siyasi partiya yaratmağa qadirsiniz. Biz, həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
     Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd, əslində bütün xalqın arzu və istəyini ifadə edirdi. Heydər Əliyev oktyabrın 24-də ziyalılara göndərdiyi cavabında yeni yaradılacaq  partiyaya rəhbərlik etməsi barədə  müraciəti qəbul etdiyini bildirdi. 21 il bundan öncə işıq üzü görmüş həmin tarixi sənəd, əslində yaradılacaq Yeni Azərbaycan Partiyasının proqram və vəzifələrini, partiya qarşısında duran  tarixi missiyanı özündə əks etdirirdi. Tale elə gətirdi ki, burada ifadə olunan ideyalar, sözün həqiqi mənasında ölkəni fəlakətdən çıxardan bir  konsepsiya oldu. Dahi şəxsiyyət Heydər Əliyevin 91-lərin müraciətinə cavabının mətbuatda dərc olunması ilə Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə insan taleyini bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi. Lakin, heç bir hakimiyyət iddiası  nümayiş  etdirməyən və qarşısına belə bir məqsəd qoymayan partiyanın təsis konfransının Bakı şəhərində keçirməyə o vaxtkı iqtidar icazə vermədi. Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda  yarandı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
    Daha sonra natiq qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranmasını diktə edən o müdhiş günləri xatırlamamaq olmur. Həmin illər acı xatirələri ilə xalqımızın yaddaşından silinmir. Minlərlə şəhid qanı bahasına qazanılan müstəqilliyimiz yenidən məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Ölkədəki ictimai-siyasi vəziyyət isə getdikcə pisləşir, hakimiyyət uğrunda mübarizə artıq ayrı-ayrı partiyalara və şəxslərə mənsub olan qeyri-qanuni silahlı dəstələrə keçir  və  ictimai gərginlik günü-gündən artırdı. Yarıtmaz xarici siyasət Azərbaycanı beynəlxalq aləmdən təcrid etmişdi.  Artıq ölkə  idarə olunmaz həddə çatmışdı. Ayrı-ayrı bölgələrdə Azərbaycanı parçalamaq siyasəti həyata keçirilirdi. Xarici havadarlarının köməkliyi və bilavasitə rəhbərliyi ilə cızılmış planla Azərbaycanın parçalanması həyata keçirilirdi. Bir yandan torpaqlarımız ermənilərə peşkəş edilir, digər tərəfdən şimaldan və cənubdan separatizm alovlandırılırdı.
     Xalq yeganə ümidini xilaskar kimi ilahi bir qüvvədə, Heydər Əliyevdə görürdü. Heydər Əliyevin 1993-cü ilin iyun ayında böhran içərisində olan Azərbaycana qayıdışından sonra xalqın arzusu və istəyi həqiqətə çevrildi. Ölkədə sabitlik bərpa olundu, cəbhə xəttində atəşkəsə nail olmaqla respublikanın bugünkü inkişafını təmin edən proqram və sənədlər qəbul edildi. Qısa zaman ərzində Beynəlxalq birliyin etimadını qazanan Heydər Əliyev dünyanın iri dövlətlərinin maraqlarını Azərbaycana yönəldə bildi. 1994-cü ilin sentyabrın 20-də dünyada əks səda doğuran neft müqaviləsinin, “Əsrin kontraktının” bağlanması ilə Azərbaycan düşdüyü ağır situasiyadan xilas oldu.
   Həmişə dövlətçiliyin qorunmasında, müstəqilliyin qazanılmasında fəallıq nümayiş etdirən vətənpərvər leriklilər də Heydər Əliyevin ideyaları  ətrafında sıx birləşərək 1993-cü il sentyabrın 19-da  YAP-ın Lerik rayon təşkilatını təsis etdilər.
     YAP Lerik rayon təşkilatı keçən dövr ərzində işini partiya sədrinin qarşımıza qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində qurmuş, rayon təşkilatının sıraları daha da  möhkəmləndirilmiş, gənclərin partiyaya qəbuluna diqqət artırılmışdır. Hazırda YAP rayon təşkilatı 57 ilk  təşkilatında  3527 nəfər partiya üzvünü  özündə  birləşdirir. 2013-cü ilin 10 ayı ərzində partiya sıralarına 143  nəfər qəbul olunmuşdur ki, bunların da 67 nəfərini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunanlara  vəsiqələrin verilməsi bir qayda olaraq «Heydər Əliyev Mərkəzi»ində və ya tarixi günlərin qeyd olunduğu tədbirlərdə həyata keçirilir ki, bu da gənclərin həyatında  yadda  qalan iz buraxır.  Əvvəlki illərə nisbətən qadınların partiya sıralarına  qəbuluna xüsusi diqqət yetirilmişdir.  10 ayda qəbul olunanların 55 nəfəri qadınlardır. Qadınların rayonun ictimai-siyasi həyatındakı fəaliyyətində dönüş yaradılmışdır. YAP rayon təşkilatında  gənclərin irəli çəkilməsinə, onların fəaliyyətindən səmərəli istifadə edilməsinə  diqqət yetirilir. Təşkilatın gənclərinin səmərəli fəaliyyətini təmin etmək üçün  artıq bir neçə ildir ki, YAP Gənclər Birliyinin “Yay məktəbi”  layihəsi əsasında onların qruplar şəklində respublikanın müxtəlif istirahət  turizm  mərkəzlərinə göndərilməsi həyata keçirilir. Bu zaman gənclərimiz həm respublikanın ayrı-ayrı rayonlarının tarixi, adət-ənənəsi, orada həyata keçirilən abadlıq işləri ilə tanış olur, həm də keçirilən siyasi və intelektual tədbirlərdə yeni-yeni biliklər, təcrübələr toplayırlar. Bilirsiniz ki, artıq neçə ildir rayonumuzun «Relax» turizm istirahət mərkəzində də respublikanın müxtəlif rayonlarını təmsil edən gənclər istirahət edir, rayon təşkilatının təşəbbüsü ilə  onlarla viktorinalar, idman yarışları, gəzinti və digər tədbirlər keçirilir.
   Respublikamızdakı uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. Bu gün  Lerikin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvə olan YAP üzvləri rayonumuzun quruculuq, abadlıq işlərində yaxından iştirak edir, dövlətin və dövlətçiliyin, ictimai-siyasi sabitliyin qorunmasında fəallıq nümayiş etdirirlər.
     Dövlət Proqramının icrasına uyğun olaraq rayonumuzda 2004-2013-cü illər  ərzində 8877 yeni iş yeri açılmışdır. Son on il ərzində rayonda 40-a yaxın yeni məktəb binası, onlarla yeni səhiyyə və mədəniyyət müəssisəsi, dövlət idarələri üçün inzibati binalar tikilib istifadəyə verilmişdir. Cənab Prezidentin qayğı və diqqəti ilə Lerik-Qosmalian-Kəlvəz yolunun tikintisi başa çatdırılmışdır. Hazırda Noda-Şingədulan-Xanagah yolu tikilməkdədir. Şəhər əhalisinin içməli su təchizatının daha da yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin qurulması, əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Modul tipli elektrik stansiyasının tikilməsi, Lerik şəhərinin gündən-günə gözəlləşdirilməsi istiqamətində aparılan tədbirlər göz önündədir. Bu gün artıq Lerikin 38 kəndində  mavi qaz şölələnir, daha 11 kənddə qazlaşdırma işləri aparılır. Bütün bunlar isə əhaliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. 
     Daha sonra çıxış edən YAP rayon təşkilatının Şura üzvü Hüseynbala Əliyev, veteran YAP üzvü, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, rayon təşkilatı Gənclər Birliyinin sədri Zamiq Əhədov çətin şəraitdə yaradılan YAP-ın öz fəaliyyətində dünyəvi prinsipləri, müstəqillik və dövlətçiliyin qorunmasını, ədalətlilik və humanizmi, xalqın mənafeyini uca tutduğunu qeyd etdilər. Məhz bu prinsiplərlə qısa vaxtda xalqın tələbi, arzu və istəyi ilə iqtidar partiyasına  çevrilən Yeni Azərbaycan Partiyasının bu gün 600 min üzvü olsa da onu sevənlərin, siyasi kursunu dəstəkləyənlərin milyonlarla olduğunu bildirdilər, 21 il ərzində Respublikanın hər yerində olduğu kimi Lerik rayonunda da əldə olunan nailiyyətləri diqqətə çatdırdılar. Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin Lerikə və leriklilərə göstərdiyi xüsusi qayğı və diqqətdən razılıqlarını ifadə etdilər.
      Tədbirin yekununda Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edildi.

Keçidlər