Lerik rayonunda müqəddəs Qurban bayramı qeyd olundu.
15 oktyabr müqəddəs Qurban bayramı münasibətilə Lerik rayonunda tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, aidiyyəti idarə, müəssisə rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri, Böyük Vətən Müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Bayram münasibətilə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov rayon sakinlərini təbrik edərək qeyd etdi ki, Qurban bayramı müsəlman aləminin ən gözəl bayramlarından biri sayılır. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri vardır. Bu günlərdə ölkəmizin hər yerində Allah yolunda qurbanlar kəsilir, dövlətimizin daha da firavan yaşaması və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsi nümayiş etdirilir.
Sonra qurbanlar kəsilərək Lerik rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri, Böyük Vətən Müharibəsi iştirakçıları və imkansız ailələrə ümumilikdə 750 ailəyə bayram sovqatı verildi.