Rayonun daha 3 kəndinə mavi yanacaq verildi.
18 sentyabr 2013-cü il tarixdə Lerik rayonunun Monidigah, Təngəbin və Anzolu kəndlərinə (210 abonent) mavi qazın verilməsi münasibəti ilə Monidigah kəndində açılış mərasimi keçirildi.
Mərasimdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Araz Ağayev, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak edirdilər.
Tədbiri Monidigah kənd tam orta məktəbinin direktoru Şöyüb Babayev giriş sözü ilə açaraq bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə rayonumuzun 30 yaxın kəndinə qaz xətti çəkilmiş, bu gün daha 3 kəndin 210 abonentinə mavi qaz veriləcəkdir. Mən ərazimizin əhalisi, ağsaqqalları, ziyalıları adından cənab Prezidentə dərin minnətdarlığımızı və razılığımızı bildiririk.
Daha sonra Monidigah kənd sakini Bəhrəm Nəzərov, Anzolu kənd sakini Elxan Ağayev çıxış edərək kənd sakinləri adından göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Qarşıdan gələn Prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini qeyd etdilər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Araz Ağayev, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış etmiş, kənd sakinlərini gözəl gün münasibəti ilə təbrik edərək Respublikamızda, o cümlədən rayonumuzda aparılan quruculuq-abadlıq işlərindən danışmışlar.
Sonda kəndə mavi qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.