Şəhər uşaq bağçası istifadəyə verildi.
18 sentyabr 2013-cü il tarixdə rayon icra hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir olunmuş, bütün avadanlıq və ləvazimatlarla təmin edilmiş 75 uşaq yerlik Lerik şəhər uşaq bağçasının açılış mərasimi keçirildi.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun idarə, müəssisə, təşkilat və ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova giriş sözü ilə açaraq icra hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir edilən şəhər uşaq bağçasında yaradılan şərait barədə məlumat verdi, bağçanın müasir avadanlıq və ləvazimatlarla təmin olunduğunu bildirdi. Balacaların istirahətinin təşkili məqsədi ilə quraşdırılmış atraksionların uşaqların sevincinə səbəb olduğunu qeyd etdi, bağça uşaqlarını, müəllimələri və valideynləri təbrik etdi.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək son illər Respublikanın hər yerində olduğu kimi rayonumuzda da abadlıq işlərinin, xüsusi ilə uşaq müəssisələrinin tikintisinin geniş vüsət aldığını qeyd etdilər.
Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.