Lerik Rayon Mərkəzi Xəstəxanasının Uşaq Xəstəlikləri Şöbəsinin əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.
14 sentyabr 2013-cü il tarixdə əsaslı təmir olunmuş Lerik Rayon Mərkəzi Xəstəxanasının Uşaq Xəstəlikləri Şöbəsinin açılış mərasimi keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Watanabe, səfirin həyat yoldaşı Atsuko Watanabe, səfirliyin əməkdaşı Fumie Sugiyama, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev,rayon səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov ilk öncə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Şusuke Watanabeni və həyat yoldaşını rayon əhalisi adından salamladı. Uşaq xəstəlikləri şöbəsinin əsaslı təmir edilərək istifadəyə verilməsi münasibəti ilə rayonun səhiyyə işçilərini təbrik edərək bildirdi ki, cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmizlə digər ölkələr arasında qardaşlıq münasibətləri günü-gündən güclənir, ölkəmizə xaricdən sərmayələr yatırılır, həm də ölkəmiz xarici ölkələrə sərmayələr yatırır. Bunun bariz nümunəsidir ki, açılışına toplaşdığımız rayon mərkəzi xəstəxanasının uşaq xəstəlikləri şöbəsi Yaponiya hökumətinin maliyyə dəstəyi ilə əsaslı təmir olunaraq rayon əhalisinin istifadəsinə verildi.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Watanabe bildirdi ki, Yaponiya və Azərbaycan Dövlətlərinin arasında qardaşlıq münasibətləri nəticəsində Azərbaycanda belə tədbirlər ənənəyə çevrilmişdir. Lerik rayonunda iki belə tədbir keçirilmişdir. Mən 2012-ci ildə rayonda olarkən rayon mərkəzi xəstəxananın uşaq şöbəsinin təmirə ehtiyacı olduğunu bildim. Uşaqlar bizim gələcəyimiz olduğundan bu sahə daima bizim üçün ən prioritet sahədir. Buna görə də mart ayında rayon icra hakimiyyəti ilə şöbənin təmir edilməsindən ötrü müqavilə bağladıq. Bu gün uşaq şöbəsi əsaslı təmir edilərək rayon əhalisinin istifadəsinə verildi. Bu münasibətlə sizi təbrik edirəm.
Tədbirdə rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev və uşaq xəstəlikləri şöbəsinin müdiri Vəlixan Bədəlov çıxış edərək rayonun səhiyyə işçilərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, Azərbaycanda yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirmişlər.
Daha sonra şöbəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları tibb müəssisəsində yaradılan şəraitlə yaxından tanış olmuşlar.