“Açıq hökumətin təşviqi” Koalisiyası Lerik rayonunda ictimai dinləmə keçirmişdir
2013-cü il sentyabrın 7-də Lerik rayonunda “Konstitusiya” Araşdırmalar Fondu və bir sıra qeyri-hökumət təşkilatlarını birləşdirən “Açıq hökumətin təşviqi” Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər mövzusunda yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, bələdiyyə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ilə ictimai dinləmə keçirmişdir.
Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri Əliməmməd Nuriyev “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, əsası ABŞ və Braziliya hökumətləri tərəfindən qoyulan Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü hökumətin vətəndaşlara, ümumilikdə, cəmiyyətə açıq olmasını nəzərdə tutur. Bu açıqlıq özünü büdcə və maliyyə vəsaitləri üzərində nəzarət, qərarların hazırlanması və icrasında vətəndaş iştirakçılığının, eləcə də informasiyanın açıqlığının təmin edilməsi, yeni texnologiyaların dövlət orqanlarının fəaliyyətində tətbiqi istiqamətində göstərməlidir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı” 9 istiqamət üzrə 39 pozisiyada tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Həmin Sərəncamın 6-cı hissəsində tövsiyə olunmuşdur ki, Fəaliyyət Planlarının həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun.
Milli Fəaliyyət Planın icrası, elektron hökumətin yaradılması, əhaliyə elektron xidmətlərin göstərilməsi, vətəndaşların dövlət orqanlarının fəaliyyətində daha yaxından iştiraka cəlb edilməsi, ictimai nəzarətin genişləndirilməsi, “ASAN xidmət” Mərkəzlərinin fəaliyyəti barədə iştirakçılara məlumat verən Ə.Nuriyev bu tədbirlərin daha çox səmərə verməsində vətəndaşların təşəbbüskarlığının əhəmiyyətini qeyd etmişdir.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.