Prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB PA ekspert qrupunun üzvləri Lerik rayonunda səfərdə olmuşlar
Azərbaycan Respublikasında növbəti Prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının ekspert qrupunun üzvləri sentyabrın 6-da Lerik rayonunda səfərdə olmuşlar.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ekspert qrupunun üzvlərini qəbul etmişdir. Rayon haqqında qonaqlara məlumat verən icra hakimiyyətinin başçısı həyata keçirilən abadlıq və quruculuq işlərindən, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılan uğurlardan danışmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da Prezident seçkilərinə ciddi hazırlıq işləri görülür. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şərait yaradılmışdır.
MDB PA-nın demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun direktoru Dmitri Qladey çıxış edərək Azərbaycan Respublikasında Prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən ekspert qrupunun qarşısında duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, qrupun üzvləri dairə və məntəqə seçki komissiyalarında qanunun aliliyinin təmin olunması, seçki məntəqələrində hazırlığın vəziyyəti, seçkilərin demokratik keçirilməsində inzibati orqanların iştirakı, müxalifət partiyalarının namizədlərinə yaradılan şərait barədə ətraflı məlumat toplayaraq yekun hesabat hazırlayacaqlar.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da Prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün yaradılan şərait barədə məlumat vermiş, seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun keçiriləcəyinə əminliyini ifadə etmişdir.
MDB PA ekspert qrupunun üzvləri 78 saylı Lerik seçki dairəsinin dairə seçki komissiyasında Prezident seçkilərinə hazırlığın gedişi ilə tanış olmuşlar. Dairə seçki komissiyasının sədri İdris Şıxəliyev dairənin əhatə etdiyi seçki məntəqələrində Prezident seçkilərinə hazırlıq işləri barədə qonaqlara məlumat verərək bildirmişdir ki, Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi təqvim planına uyğun olaraq qarşıdan gələn seçkilərin demokratik və şəffaf keçirilməsini təmin etmək üçün bütün zəruri tədbirlər görülür.
Ekspert qrupunun üzvləri daha sonra 1 saylı Lerik şəhər və 62 saylı Peştətük kənd seçki məntəqələrində monitorinq həyata keçirmiş, seçkilərə hazırlıq işlərinin qənaətbəxş olduğunu ifadə etmişlər.