Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayon müəllimlərinin konfransı keçirildi.

06 sentyabr 2013 | 15:00

Rayon mədəniyyət evində keçirilən  müəllimlərin ənənəvi sentyabr konfransında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Təhsil nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov, rayonun pedaqoji işçiləri  iştirak edirdi.
     Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
     Rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov geniş məruzə ilə çıxış edərək əldə olunan uğurlar və işdə yol verilmiş nöqsanları qeyd etdi. Son illər ölkə Prezidentinin qayğı və diqqəti ilə respublikanın hər yerində olduğu kimi rayonumuzda da məktəb tikintisinin vüsət aldığını bildirdi. Bu il orta məktəbi bitirən məzunlardan 469 nəfərinin ali məktəblərə sənəd verdiyini, onlardan 126 nəfərin ali məktəblərə, 212 nəfərin isə orta ixtisas məktəblərinə qəbul olunduğu diqqətə çatdırdı. 4 məzunun 600-dən yuxarı, 7 məzunun isə 500-dən çox bal toplaması bildirildi. Son illər qızların qəbul imtahanlarında iştirakının artdığını, bu il ali və orta ixtisas məktəblərinə qəbul olunanlardan 123 nəfərin qız olduğunu qeyd etdi. Daha sonra natiq rayonun pedaqoji kollektivinin qarşısında duran vəzifələrdən, yaradılan şəraitdən danışdı. Rayonumuzda yeni tikilən məktəblərin sürətlə artdığını, maddi-texniki bazanın gündən-günə yaxşılaşdığını bildirdi.
    Daha sonra Lerik şəhər bir saylı texniki fənlər təmayüllü liseyin direktoru, Respublikanın əməkdar müəllimi Gültəkin Şıxəliyeva, Şingədulan kənd tam orta məktəbin direktoru Xansayad Əsgərov, Vizəzəmin kənd tam orta məktəbin müəllimi Nüşabə Əmirova çıxış edərək  respublika Prezidenti tərəfindən təhsil sahəsinə göstərilən diqqətin, həyata keçirilən islahat və reformaların, təhsil işçilərinin əmək haqlarının artırılması və məktəb tikintisi ilə bağlı maliyyə vəsaitlərinin ildən-ilə artırılmasının hər bir təhsil işçisi tərəfindən razılıqla qarşılandığını qeyd etdilər, əldə olunan uğurları diqqətə çatdırdılar.
     Piran kənd tam orta məktəbinin 619 bal toplamış məzunu Anar Ağayev çıxış edərək əldə etdiyi uğurlara görə məktəb müəllimlərinə minnətdarlığını bildirdi. Ölkə başçısının və rayon rəhbərliyinin qayğısına cavab olaraq ali məktəbdə də yaxşı oxuyacağını qeyd etdi. 
    Konfransda çıxış edən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov nazirliyin təbriklərini çatdırdı, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verdi.
      Milli Məclisin deputatı İqbal Məmmədov, Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək Bilik Günü və yeni tədris ilinin başlanması münasibəti ilə konfrans iştirakçılarını təbrik etdilər. Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə rayonumuzda aparılan quruculuq işlərini, məktəb tikintisini diqqətə çatdırdılar. Daha sonra Milli Məclisin deputatı və rayon icra hakimiyyəti başçısı yüksək bal toplayaraq ali məktəbə qəbul olunmuş məzunlara pul mükafatları təqdim etdilər. Ali məktəbdə yaxşı və əla qiymətlərlə oxuyanlara aylıq təqaüdlərin veriləcəyini bildirdilər.
     Daha sonra bir qrup təhsil işçisinə rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edildi.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.

Keçidlər