Rayon icra hakimiyyətində Qarabağ müharibəsi əlilləri ilə görüş keçirildi
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, il ərzində həm fərdi, həm də tədbirlərdə görüşlərimiz olur. Ancaq müqəddəs Ramazan günlərini yaşayırıq. Həmrəylik, bərabərlik, ruzi-bərəkət ayı olan Ramazanda özümə borc bildim ki, Sizlərlə bayramlaşım. Hər birinizi və bütün ailə üzvlərinizi Ramazan bayramı münasibəti ilə təbrik edirəm, Allahdan sizə cansağlığı arzulayıram. Cənab Prezidentin tapşırığı ilə Qarabağ müharibəsi əlillərinə və Şəhid ailələrinə imkanımız daxilində diqqət göstəririk, qaldırılan problemlərin həllinə daim yardımçı oluruq. Ancaq elə məsələlər var ki, rayonun imkanları xaricindədir və onun da həlli üçün müvafiq nazirliklər qarşısında məsələ qaldırırıq. Möhtərəm Prezidentin diqqət və qayğısı ilə sizlər üçün həm fərdi evlər, həm də 16 mənzilli yaşayış binaları tikilir və inşallah növbəti illərdə də tikintisi nəzərdə tutulmuşdur. Cənab Prezidentin tapşırığı ilə rayonda iki Şəhid övladının toy mərasiminin bütün xərclərini rayon icra hakimiyyəti öz üzərinə götürdü. Qarabağ əllili Gündüz Mustafayevin, Gəray Hacıyevin müalicə olunmasına, övladına xeyir iş edən Qarabağ əlillərinə daim köməklik göstərmişik. Bu günlərdə daha iki əlilin uşağının toy mərasiminin keçirilməsinə mütləq köməklik göstərəcəyik. Bunları deməkdə məqsədim odur ki, biləsiniz dövlətimiz daim sizin qayğınıza qalır, imkanlarımız daxilində həmişə sizə yardım göstəririk. Bu gün də Ramazan bayramı münasibəti ilə hər birinizə hədiyyəmiz olacaq və bayram sovqatı veriləcəkdir.
Qarabağ müharibəsi əlilləri adından cəmiyyətin sədri Veysəl Məlikov çıxış edərək göstərilən qayğı və diqqətə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdi.
Daha sonra rayon icra hakimiyyəti başçısı adından hədiyyələr təqdim olundu.