Müqəddəs Ramazan ayı münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı rayon ağsaqqallarının bir qrupu ilə görüşmüş, iftar süfrəsi açılmışdır
Müqəddəs Ramazan ayı münasibəti ilə rayon ağsaqqallarının bir qrupu ilə görüşən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Azərbaycanda hökm sürən bu inkişafın, birliyin təməlində, vətəndaşların vicdan azadlığının təmin edilməsinin əsasında ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır.
Rayon icra hakimiyyətində mütəmadi olaraq ağsaqqallarla görüşlər keçirilir. Hər il Ramazan ayında ağsaqqallarla belə geniş tərkibdə görüşlərin keçirilməsi artıq ənənə halını almışdır. Son illərdə ölkəmizdə sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olunmuşdur. Bütün respublikada olduğu kimi, rayonumuzda da tikinti-quruculuq işləri geniş vüsət almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Lerik rayonu inkişaf mərhələsindədir. Son bir ildə rayonda modul tipli elektrik stansiyasının tikintisində, Lerik şəhərinin su-kanalizasiya şəbəkəsinin yenidən qurulması istiqamətində böyük işlər aparılmışdır. Cənab Prezidentin 2012-ci il 3 aprel tarixli Sərəncamı ilə tikintisinə maliyyə vəsaiti ayrılmış Lerik–Qosmalian–Kəlvəz yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. Digər kəndlərarası yolların təmiri, hətta bəzi kəndlərə gedən yolların asfaltlaşdırılması həyata keçirilmişdir. Tülüconu kənd inzibati ərazi dairəsinə çətin relyefə malik ərazidən yeni yolun açılması istiqamətində işlər davam etdirilir. Rayonda istehsal gücünə görə respublika üzrə fərqlənən böyük broyler kompleksi tikilmiş, həmin müəssisədə 150 nəfər işlə təmin olunmuşdur. Turizmin inkişafı sahəsində də böyük uğurlara nail olunmuş, mövcud turizm komplekslərinin xidmət səviyyəsi xeyli yüksəlmişdir. Rayonda qaz xətlərinin çəkilişi davam etdirilir və artıq 25-ə yaxın kənd tamamilə qazlaşdırılmışdır. Şübhəsiz ki, ucqar dağ rayonunun kəndlərinə qaz xətlərinin çəkilməsi ən böyük uğur hesab edilməlidir. Ötən il 8 məktəb binası tikilib istifadəyə verilmiş, bu il daha 8 məktəb binasının açılışı keçiriləcəkdir. Eləcə də digər sosial layihələrin həyata keçirilməsi sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Bütün bu uğurlar Prezident cənab İlham Əliyevin rayonumuza göstərdiyi qayğı və diqqəti sayəsində əldə edilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov qarşıdan gələn bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Bu ay ərzində təşkil olunan iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunmuş iftar süfrəsində cənab Prezident də iştirak edərək bütün dindarları müqəddəs bayram münasibəti ilə təbrik etdi. Bu, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasının, bütün dini qurumlara, dindarlara dövlət səviyyəsində diqqət və qayğı göstərilməsinin bariz nümunəsidir. Təkcə bayramlarda deyil, ümumiyyətlə, mütəmadi olaraq ağsaqqallarla belə görüşlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu görüşlərdə irəli sürülən təkliflər rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdə nəzərə alınır, onların həyata keçirilməsində ağsaqqalların, ziyalıların, ictimaiyyət nümayəndələrinin köməyindən də istifadə edilir.
Ağsaqqallardan Həsən Qəniyev, Şəmsiəli Şahpələngov, Rəsul Quliyev, Gülağa Əbdülov, Dadaş Həsənov, Qəhrəman Əliyev, Ağasalah Salayev və digərləri çıxış edərək hər il müqəddəs Ramazan ayı münasibəti ilə ənənəvi olaraq rayon icra hakimiyyətinin başçısı tərəfindən rayon ağsaqqalları ilə görüşlərin keçirilməsinin və iftar süfrəsinin açılmasının, həmçinin şəhid ailələri, Qarabağ əlilləri və imkansız ailələrə bayram sovqatlarının verilməsinin ənənəvi xarakter aldığını, bütün bunların rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdilər və göstərilən qayğı və diqqətə görə ölkə Prezidentinə və rayon rəhbərlyinə minnətdarlıqlarını bildirdilər. Aparılan tikinti-quruculuq işlərinin rayonun sürətli inkişafına səbəb olduğunu vurğulayan ağsaqqallar bu işlərin davam etdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirdilər.
Tədbir “Elvin” şadlıq sarayında 400 nəfərlik iftar süfrəsi arxasında davam etdirildi.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon icra hakimiyyəti tərəfindən 550 nəfərdən çox imkansız ailələrə, Böyük vətən və Qarabağ müharibəsi əllilərinə və şəhid ailələrinə Ramazan bayramı münasibəti ilə ərzaq bağlamaları verildi.