Lerik rayonunda 2013-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclası keçirildi
24 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2013-cü ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclasında rayonda görülmüş işlər barədə icra hakimiyyəti başçısı Rövşən Bağırov geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycanda xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Bunun nəticəsidir ki, Azərbaycan dünya miqyasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. Bu qiymətləndirmə respublikamızda son on il ərzində aparılan uğurlu iqtisadi islahatların düzgün istiqamətdə olmasını bir daha sübut edir. Cənab Prezidentin söylədiyi kimi: “bu reallıqdır və bu reallığı biz yaratmışıq öz siyasətimizlə, öz addımlarımızla. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. əlbəttə ki, bu bizi çox sevindirir və bu, bizim məqsədimiz idi.”
Respublikamızdakı uğurlu iqtisadi reformalar rayonumuzun da sosial–iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır.
2013-cü ilin ikinci rübündə ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 20 milyon 547 min manata, kənd təsərrüfatı məhsulları 4 faiz artaraq 9 milyon 074 min manata, sənaye məhsulu 4,3 faiz artaraq 305 min manata, rabitə xidmətləri 23,1 faiz azalaraq 173 min manata, nəqliyyat xidməti 3 faiz artaraq 1 milyon 270 min manata, pərakəndə əmtəə dövriyyəsi 1,4 faiz artaraq 34 milyon 583 min manata, pullu xidmət 3,2 faiz artaraq 5 milyon 979 min manata çatmışdır. Əsas kapitala yönəldilmiş investisiyalar 3,4 faiz artaraq 3 milyon 390 min manata, tikinti-quraşdırma işlərinin həcmi 2,1 dəfə artaraq 2 milyon 104 min manat olmuşdur.
Daha sonra natiq qeyd etdi ki, ucqar, geridə qalmış rayon kimi xarakterizə olunan Lerik rayonu son illər cənab Prezidentin qayğı və diqqəti ilə gündən-günə inkişaf edir, gözəlləşir. Dövlət Proqramları və geniş miqyaslı layihələrin davam etdirilməsi nəticəsində rayonumuzda tikinti-quruculuq, abadlıq işləri davamlı şəkildə həyata keçirilir. Son illər rayonda məktəb tikintisi sürətlə aparılır. Hazırda 8 məktəb üçün yeni bina inşa edilir, iki məktəb əsaslı təmir olunur. Daha 6 məktəb binasının yenidən tikilməsi məqsədi ilə layihələndirmə işləri aparılır. Lerik şəhərində küçələr genişləndirilir, müasir memarlıq nümunələrindən istifadə etməklə istinad divarları tikilir, yeni müasir işıqlandırma şəbəkəsi yaradılır. Modul tipli elektrik stansiyasının tikintisi, Lerik şəhərinə su xəttinin çəkilişi, kanalizasiya şəbəkəsinin qurulması əhali tərəfindən razılıqla qarşılanır. Hesabat dövründə statistika idarəsi üçün yeni bina istifadəyə verilmiş, 80 uşaq yerlik şəhər bağçası əsaslı təmir edilmiş, 13 yaşayış məntəqəsinə mavi qazın verilməsi başa çatdırılmışdır. Hazırda daha 16 kənddə qazlaşdırma işləri sürətlə aparılır.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 3783, o cümlədən cari ildə 332 yeni iş yeri, ümumilikdə isə 2004-2013-cü illər ərzində 8529 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 40 faizdən çoxu daimi iş yerləridir.
“Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla tikintisi üçün vəsait ayrılmış Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 24,6 kilometri asfaltlaşdırılmışdır. Büdcə vəsaiti hesabına Lerik şəhərində, Cəngəmiran, Günəşli və Qosmalian kəndlərində 425 min manatlıq asfalt işi görülmüşdür. Rayon icra hakimiyyətinin dəstəyi ilə 65 kilometr kəndara yollarında cari təmir işləri aparılmış, Bürsülüm və Livədirqə ərazilərində yeni körpülər tikilmişdir. Piran-Hamarat-Tülüconu yolunun tikintisi istiqamətində iş aparılır.
Daha sonra rayon icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov, rayon statistika idarəsinin müdiri Ədail Məmmədov, 43 saylı yol istismar idarəsinin müdiri Elxan Əliyev, rayon baytarlıq idarəsinin müdiri Gülmirzə Tağıyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələri qeyd etdilər. Cənab Prezidentin rəhbərliyi ilə aqrar kənd təsərrüfatı olan Lerikdə görülən işlərin əhali tərəfindən müsbət qarşılandığını, sahibkarlığa geniş meydan verildiyini qeyd etdilər. Bildirildi ki, rayonda həyata keçirilən geniş quruculuq işlərinin nəticəsidir ki, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır.
Tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilmişdir.