Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid mayor Ramil Ağayevin anım mərasimi

09 oktyabr 2021 | 16:00

09 oktyabr  2021-ci il tarixdə Lerik şəhərində şəhid mayor Ramil Mərdan oğlu Ağayevin il mərasimi keçirildi.
Şəhid Ramil Ağayev müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində zəfər soraqlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərdən biridir.
Azərbaycan Ordusunun mayoru, “N” saylı hərbi hissənin qərargah rəisi olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramil Ağayev oktyabrın 8-də Fizuli uğurunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 2 qız övladı yadigar qaldı. Şəhidin nəşi Lerik şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" və Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Şəhidin il mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edərək, şəhidin ailə üzvlərinə dərin hüznlə baş sağlığı veriblər.
Mərasimdə şəhid Ramil Ağayevin təltif edildiyi “Cəbrayılın azad olunmasına görə”  medalı şəhidin qızına təqdim edildi.
İl mərasimində, gün ərzində Lerik şəhər qəbiristanında uyuyan şəhid mayor Ramil Ağayevin məzarı ziyarət olunur, məzarı üstündə «Yasin» surəsi və dualar oxunur.

Keçidlər