Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti

29 oktyabr 2020 | 16:00

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə xalqa müraciət etdi. Ali Baş Komandan ölkəmizin ərazi bütövlüyü uğrunda Azərbaycan Ordusunun apardığı əməliyyatların gedişi, bu istiqamətdə diplomatik müstəvidə görülən işlər haqqında məlumat verdi. İkinci Qarabağ müharibəsinin xalqımız üçün Vətən müharibəsi olduğunu vurğulayan cənab Prezident Azərbaycan Ordusunun döyüş meydanında tarixi ədaləti bərpa etdiyini, artıq bir çox yaşayış məntəqələrini düşməndən azad etdiyini bildirdi. O cümlədən oktyabrın 25-də ordumuz Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini və Qubadlı şəhərini işğaldan azad etmişdir. Bununla da, azad edilmiş yaşayış məntəqələrinin sayı 170-ə çatdı. 1988–1993-cü illər arasında, beş il ərzində işğal olunmuş, təxminən 27 il müddətində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 17 il ərzində ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Bunun nəticəsində dövlətimizin hərbi büdcəsinin həcmi Ermənistanın bütün dövlət büdcəsinin həcmini hələ bir neçə il əvvəl ötüb keçmişdir. Ordumuz ən müasir silahlarla, döyüş avadanlıqları ilə təchiz edilmişdir.
Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə də işğalçıya deyil, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir.
Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür var. Son dövrlərdə cənab Prezident Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə vermişdir. Qarabağ tarixinə nəzər saldıqda aydın olur ki, Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi.
Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Halbuki bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir.
Azərbaycan sovet dövründə də Dağlıq Qarabağ bölgəsinə böyük investisiya qoymuşdur. Münaqişə başlayanadək ermənilərin Dağlıq Qarabağda bütün mədəni, sosial və mümkün siyasi hüquqları təmin olunmuşdur. Yəni erməni əhalisinin diskriminasiyasından heç bir söz gedə bilməz.
Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyinin qeyri-adekvat davranışı münaqişənin qarşısını vaxtında almağa imkan verməmişdir.
1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı.
Cənab Prezident qeyd etmişdir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk Qrupu indiyədək işğalçıya təzyiq etməyib və etmək də istəməyib. Minsk Qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk Qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Minsk Qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına da etiraz etməyib. Halbuki qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Müstəqilliyimizin ilk mərhələsində ABŞ Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Minsk Qrupunun cinayətə susması torpaqlarımızı erməniləşdirməyə, Azərbaycanın mədəni irsini silməyə təşviq mesajıdır. 28 il ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız.
Öz torpaqlarını işğalçılardan azad etməyə başlayan Azərbaycana böyük təzyiq göstərirlər. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir.  Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Minsk Qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir. Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, öz namizədliyini geri götürməlidir.
Bu yaxınlarda Minsk Qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv ölkələrə böyük təzyiqlər edərək yeni sənəd qəbul olunmasına çalışmışdır.  Məqsəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub. Bu, yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər, bizə dəstək göstərdilər. Bütün başqa məsələlərdə maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur.
Minsk Qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk Qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, onun parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa Prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil. Azərbaycandakı siyasi partiyalar və ictimai-siyasi fəallar Minsk Qrupunun fəaliyyətinə etiraz edirlər.  Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çox vektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür”.
Tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmaları Ermənistan tərəfindən daim pozulur. Oktyabr ayının 10-da birinci atəşkəs qüvvəyə mindi. Azərbaycan tərəfi həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün buna razılıq vermişdi. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla kobudcasına pozdu. İkinci atəşkəs oktyabrın 17-də elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan atəşkəsi pozdu. Oktyabrın 26-sı səhər saat 8-dən üçüncü atəşkəs elan olunub. Ancaq səhər saat 9-da artıq atəşkəs Ermənistan tərəfindən pozuldu. Hər bir pozuntu qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar.
Hərbi əməliyyatların dayandırılması üçün Azərbaycan tərəfinin müəyyən şərtləri qətidir. Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır, cədvəl verilməli, Ermənistanın neçə gündən sonra hansı rayondan çıxacağı cədvəldə göstərilməlidir, lakin Ermənistan bu cədvəli hələ verməyib.
Döyüş meydanında diz çökən Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, yenə də silahlanmaq və yeni işğalçılıq siyasəti aparmaq istəyir, son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir, atəşkəsi istəyənlər Ermənistanı silahlandırmağı dayandırmalıdır.
Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir: BMT Təhlükəsizlik Şurasının qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatların analoji sənədləri. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Bu hüquqi baza imkan verir ki, döyüş meydanında düşmənə dərs verək.
Azərbaycan məsələnin hərbi-siyasi yollarla həllinə hazırdır, hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. Hərbi mərhələnin başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndiyə, əvvəllər yaşadığı bütün başqa yerlərə qayıtmalıdır. Erməni əhali üçün şərait yaradılacaq, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik. Azərbaycan Prezidentinin bu yanaşması həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır.
indi vasitəçi ölkələr artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, 5 rayonun artıq 4-ün (Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı) böyük hissəsi bizdədir. Keçmiş Hadrut rayonu – indiki Xocavənd rayonunun bir hissəsi bizdədir.
Azərbaycan danışıqların əleyhinə deyil. Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Biz istəyirik ki, bunun mənası olsun.
Bu gün Azərbaycan yeni bir reallıq yaradıb, hər kəs yeni reallıqla hesablaşmalıdır. Bu çıxışda açıqlanan şərtlərlə “5 rayon + 2 rayon” formatının, “Kazan formulu” adlanan danışıqlar mövzusunun arxada qaldığı aydın olur. Azərbaycan Prezidenti danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir. Yeni yanaşma Azərbaycanın hərb meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğun olmalı, bunun təcavüzkar tərəfindən qəbul edilməsinə xidmət etməlidir. Həmsədrlərin məşğul ola biləcəyi fəaliyyət barədə həm müsahibələrində, həm son müraciətdə açıq istiqamət var – Azərbaycanın dəyişdiyi reallıqları qəbul edib danışıqları bu reallıqları təcavüzkara qəbul etdirmək, erməni tərəfini mədəni muxtariyyət, iki icmanın birgə yaşayışı və bələdiyyə muxtariyyətləri çərçivəsində həllə razı salmaq. Bunun mədəni dünyanın standartlarına uyğun olması, o cümlədən Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyası, Avropa Şurasının Etnik Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara uyğunluğu izah olunmalıdır. Əksinə, Ermənistan tərəfi keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin edir.
Ermənistanın hərbi itkiləri haqqında qeyd etmək olar ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb, yəni cəmi 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ də tankları var. 50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. 251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb – cəmi 275 ədəd.  61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106 ədəd. 53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket komplekslərindən 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu, 6 “S-300” atıcı qurğusu məhv edilib (“S-300” ən bahalı qurğulardan biridir).  Əməliyyat taktiki raket komplekslərindən “Elbrus”un ikisi məhv edilib, “Toçka-U”nun biri məhv edilib. Yük avtomobillərindən 231-i məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobili. Bu rəqəmlər sadəcə itki və qənimətləri əks etdirmir, Ermənistanın çöküşünün sürətlənməsini və onun süni yolla ayaqda saxlamağa çalışan dünya güclərinin ikili standartlarını əks etdirir.
Cənab Prezident bildirdi ki, Ermənistan artıq iflas həddinə çatıb. Bəs haradandır bu pul? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, pullar haradan gəlir?  O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Bizim pulumuz var, hər şey şəffafdır. Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi?
Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. İndiyədək Yerevan kvotanın pozulmasını inkar edirdi. Beynəlxalq hesabatlara görə, Ermənistanın aldığı silahların böyük hissəsi Dağlıq Qarabağda anbarlarda gizlədilib. Ortaya çıxan hərbi texnikanın siyahısı Ermənistanın və onu silahlandıranların müqavilənin şərtlərini kobud şəkildə pozduğunu göstərir.
Bu günlər Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması həyata keçirilir. 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir.
Cənab Prezident Ermənistanın idarə edən şəxslər haqqında qeyd etdi ki, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü və xalqını alçaldır.
Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək indi bəyan etsin ki, Dağlıq Qarabağdan çıxır. Ermənistanın yeni hökuməti Paşinyanın simasında deyir ki, Ermənistanı idarə edən adamlar cinayətkardır. Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə cinayətkar ölkədir. Ermənistanda indiyədək hakimiyyətdə olan şəxslər hərbi cinayətlər törətmişlər. İndiki rəhbər Paşinyan da qeyri-adekvat şəxsdir.
Xarici media anti azərbaycan mövqe tutur, erməni lobbisinin təsiri altındadır.  Bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar yazıblar. Bu gün Qərb mediası erməni lobbisinin islamofobiya və türkofobiya təbliğ edən dairələrin əlində alətdir və bu da indiyədək Qərbin yüksək media standartları haqda deyilənlərin puç olmasını sübuta yetirir.
Prezident, Ali Baş Komandan müəyyən dairələrə də Azərbaycan tərəfinın xəbərdarlığını çatdıraraq bildirdi ki, Azərbaycandakı “F-16”lar təlimlər üçün gəlib və müharibə başlayanda türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar: “Əgər Azərbaycana kənardan təcavüz olarsa, qarşılarında o “F-16”ları görəcəklər”. Azərbaycan tərəfi bir tərəfdən atəşkəs deyib, digər tərəfdən Ermənistana silah göndərilməsinə səssiz qalmayacaq. “Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun!”  BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk Qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. “Ermənistanın havadarları bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə.. Kimin günahı var, o, cavab verir və Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır”.
Prezidentin də qeyd etdiyi kimi, Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq: “Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər... Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Halbuki biz beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Axıra qədər gedəcək, düşməni bundan sonra da qovacağıq. Çünki biz haqlıyıq və biz güclüyük. Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!”
Bu günlərdə azad olunmuş kəndlərdə hər şey dağıdılıb. Lakin Azərbaycan xalqının, dövlətinin onları bərpa etməyə gücü çatacaq. Prezidentin də qeyd etdiyi kimi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Cənab Prezidentin xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar olunurlar. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı. Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi ilə orduya “vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir.  Vətən müharibəsi qələbəyə qədər davam edəcək. İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.
Beləliklə, cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb.  Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur.

Keçidlər