Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Xocalı Soyqırımının iyirmi səkkizinci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirildi

26 fevral 2020 | 16:00

Tarixin ən qanlı cinayətlərindən olan Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq Lerikdə “Şəhidlər” abidə kompleksində Xocalı şəhidlərinin xatirəsinin anma mərasimi keçirildi.
Anım mərasimində rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edirdilər. 
Öncə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov “Şəhidlər” abidə kompleksinin önünə əklil qoyaraq soyqırım qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Sonra mərasim iştirakçıları “Şəhidlər” abidə kompleksinin önünə gül dəstələri düzdülər və rayon məktəblilərinin Xocalı faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Anım mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov  tariximizin qanlı cinayətlərindən olan Xocalı faciəsi haqqında ətraflı məlumat verdi.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, tarixə nəzər saldıqda hələ XIX əsrin əvvəllərindən etibarən Rusiya imperiyasının siyasi alətinə çevrilmiş ermənilərdən Qafqazda müsəlman amilinin güclənməsinə qarşı istifadə olunmağa başlanmışdır. XX əsrin ən qanlı hadisələrindən olan, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş soyqırımı nəticəsində yeddi min nəfər sakini olan Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. 1992-ci il fevralın 25-də axşam saat 9-da ermənilər Xankəndi şəhərindəki, Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayın əsgərləri və muzdlu quldurlarla Xocalı şəhərinə hücum etdilər. Şəhər əvvəlcə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edildi. Düşmənin hücumu nəticəsində Xocalı şəhəri yandırıldı. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutuldu. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər, o cümlədən 76 nəfər həddi-buluğa çatmamış şəxs şikəst edildi. Faciə nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 sakin girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldı.
Bütün bu olanları dünya ictimaiyyətinə çatdıran Ümummilli liderimiz Heydər Əliyev məhz ilk dəfə bu hadisəyə siyasi qiymət verdi. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, 1994-cü il 24 fevral tarixli 791 nömrəli qərarı ilə 26 Fevral Xocalı Soyqırımı Günü elan olunmuş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Bu qanlı faciənin dünyada soyqırımı aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və dünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl iş aparılır, dünyanın demək olar ki, əksər dövlətlərində hər il müxtəlif tədbirlər keçirilir. Xocalı qətliamını olduğu kimi, faktlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə filmlər, fotosərgilər nümayiş etdirilir, anım tədbirləri keçirilir. Keçirilmiş bu tədbirlərin nəticəsidir ki, artıq 20-yə yaxın dövlətin parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunvericilik orqanları, bir sıra beynəlxalq təşkilatların ali orqanları tərəfindən Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilmiş, bəyanatlar verilmişdir. Hazırda ölkəmizin xarici dövlətlərdəki səfirlik və konsulluqları, diaspor təşkilatlarımız tərəfindən, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsi ilə Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması üçün dünyanın, demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər keçirilir.
Daha sonra Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədi kompozisiya nümayiş etdirildi.

Keçidlər