Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirildi

27 noyabr 2019 | 16:00

27 noyabr 2019-cu ildə Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açaraq Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.
Sonra Nəsimi obrazında səhnəyə çıxan bədii qiraətçi Sədrəddin Ağaxanlı “Mərhaba” qəzəli ilə çıxış etdi.
Yubiley tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir. “50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer aldı, 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldıldı. 1969-cu ildə paytaxt Bakı şəhərində yaradılmış yeni rayona Nəsiminin adı verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. Bundan əlavə, Nəsiminin ədəbiyyatda, incəsənətdə parlaq və yaddaqalan obrazı yaradılmışdır.
İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir.
2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmişdir. 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı təntənəli şəkildə keçirilmişdir. Bütün bunlar ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.
Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi o dövrün ən yaxşı təhsil ocaqlarının tələblərinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilmişdir. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamın və xristianlığın əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi.
Daha sonra çıxışında R.Bağırov qeyd etdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il İmadəddin Nəsiminin  anadan olmasının 650 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Həmçinin dövlət başçısının daha bir sərəncamı ilə 2019-cu il ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edildi. Sərəncama uyğun olaraq mütəfəkkir şairin yubileyinə həsr edilmiş ədəbi-bədii tədbirlər rayonumuzda da yüksək səviyyədə keçirilir. Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu genişmiqyaslı kampaniya respublikada böyük rəğbətlə qarşılanmışdır və bu kompaniyası çərçivəsində rayonumuzun bütün ərazilərini əhatə etməklə 2000 ağac əkilməsi istiqamətində hazırlıq işləri aparılır.
Mədəniyyət tariximizdə əlamətdar hadisə olan bu yubiley münasibətilə bir daha təbriklərimi çatdırıram. Əminəm ki, Nəsiminin yubileyinə həsr olunan tədbirlər bundan sonra da layiqincə keçiriləcək, mütəfəkkir şairin zəngin irsi hələ bundan sonra da neçə-neçə əsrlər boyu insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rol oynayacaqdır.
Tədbirdə tarixçi Hüseynbala Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair - dramaturq Xanlar Həmid və ağsaqqal Qəhrəman Əliyev çıxış edərək, mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığı barədə ətraflı məlumat verdilər.
Daha sonra tədbirdə rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin, qiraətçilərin və rayon məktəblilərinin ifasında Nəsimin 650 illik yubileyinə həsr olunmuş şairin qəzəllərindən ibarət ədəbi-bədi kompozisiya nümayiş etdirildi.

Keçidlər