Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba–Qusar–Xaçmaz istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi

13 mart 2019 | 16:00

Martın 13-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində martın 15–18-də Quba–Qusar–Xaçmaz istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirdi. Məktəbliləri salamlayan rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur.
Martın 15-dən start götürən tur-aksiyanın 11-ci mərhələsi çərçivəsində rayonumuzdan olan 40 nəfər şagird də Quba–Qusar–Xaçmaz istiqamətində turda iştirak edəcəkdir. Bununla əlaqədar həmin gün səhər Heydər Əliyev meydanında yolasalma mərasimi keçiriləcəkdir. Tur-aksiya məktəbliləri rayon icra hakimiyyətinin əməkdaşları, gənclər və idman idarəsinin rəisi, 1 həkim və digər şəxslər müşayiət edəcəkdir.
Quba–Qusar–Xaçmaz istiqamətində turda iştirak edəcək məktəblilər həmin bölgədə son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlərin görüldüyünün əyani şəkildə görəcək, tarixi məkanlar bunlar barədə məlumat alacaq, Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Məktəblilər Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzinə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər” Muzeyinə, Çənlibel parkına ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.
Ölkəmiz son illər böyük nailiyyətlər əldə etmişdir. Respublikamızın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət edən bir sıra iri layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları rayonumuzda da uğurla icra edilmişdir. Tur-aksiyada iştirak edəcək məktəblilər bütün bunların əyani şahidi olacaqlar.
Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin şagirdi Nərmin Həşimbəyli, Lerik şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Kənan Seyfullayev, Lüləkəran kənd tam orta məktəbinin şagirdi Məhəmməd Əlizadə, valideynlər adından Lüləkəran kənd sakini Tofiq Fərəcov və digərləri çıxış edərək bildirdilər ki, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin ölkəmiz haqqında biliklərinin genişlənməsinə, dünyagörüşünün artmasına böyük təsir göstərir. Bu layihə gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla, eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir. Layihə çərçivəsində məktəblilər ölkəmizin müxtəlif bölgələrinə səfərdən çox zəngin təəssüratla qayıdırlar. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır. Çıxış edənlər məktəblilərə ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Görüşdə tur-aksiyanın mütəşəkkil qaydada və təhlükəsiz keçirilməsinin təmin edilməsi ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə zəruri tədbirlərin görülməsi tapşırıldı.

Keçidlər